“Mən Putinə dedim ki, lənətə gəlmiş Moskvanın mərkəzinə zərbə endirəcəyəm!..” – Tramp
“Bu sözləri doğrudanmı Tramp deyib? Axı o, bizimlə danışıqlarda ipək kimi yumşaq davranır?..”
ABŞ və Rusiyanın sabiq prezidentləri arasında qiyabi mübahisə düşüb.
Bu barədə “belta.by” nəşri yazıb.
Xəbər verildiyi kimi, ABŞ-ın sabiq prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Amerikanın işgüzar “The Wall Street Journal” nəşrinə verdiyi müsahibəsində bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinlə söhbət zamanı Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Moskvaya zərbə endirəcəyi ilə təhdid edib.
“Mən ona dedim: “Vladimir, əgər sən Ukraynaya hücum etsən, mən sənə elə güclü zərbə vuracağam ki, hətta təsəvvürünə belə gətirməzsən. Mən birbaşa lənətə gəlmiş Moskvanın mərkəzinə zərbə endirəcəyəm”.
Mən ona dedim: “Biz dostuq, mən bunu etmək istəmirəm, amma mənim seçimim yoxdur”, – Tramp jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, Vladimir Putin bu təhdidə anlaşılmaz cavab verərək deyib: “No way”, bunu kontekstdən asılı olaraq belə tərcümə etmək olar: “Heç bir halda” və ya “Ola bilməz”.
Bundan sonra Tramp bir daha əmin edib ki, vəd etdiyini icra edəcək. “Mən dedim ki, onun başı üzərindən günbəzi yox edəcəyəm. Siz artıq bilirsiniz ki, o, günbəzlərin altında yaşayır”, – o, nəşrin jurnalistinə deyib.
Trampın bu bəyanatına Moskvadan cavab özünü çox gözlətməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı Trampın sözlərininə seçkiöncəki yarış zamanı verilən “qaynar bəyanat” kimi baxmağı məsləhət görüb.
“Əlbəttə, indi, xüsusilə seçkiöncəki kampaniyanın final mərhələsində çoxsaylı qaynar və son dərəcə emosional bəyanatlar səsləndirilir. Bununla bağlı bunları deyə bilərəm”, – Peskov diplomatikcəsinə cavab verib.
O, əlavə edib ki, yüksək səviyyədə danışıqların detallarının açıqlanması yolverilməzdir: “Biz əvvəlkitək yüksək səviyyədə aparılan danışıqların məzmununun açıqlanması ilə bağlı məsuliyyətli mövqeyə üstünlük veririk. Təəssüf ki, dünyanın bir sıra liderləri belə mövqe sərgiləmir və bu halda da informasiya gigiyenasına riayət etmir”.
Rusiyanın sabiq prezidenti, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev danışıqlar üzərindəki sirri açıb. O, “informasiya gigiyenasına” riayət etməyərək, yüksək səviyyədə müzakirələr zamanı ABŞ-ın sabiq prezidentinin davranışı barədə danışıb.
“Tramp çox ifrata varıb. Doğrudanmı, o, “lənətə gəlmiş Moskvaya zərbə endirməyə” hazır olduğunu deyib? Əlbəttə ki, yox. O, ümumiyyətlə bizimlə danışıqlarda ipək kimi yumşaq davranır”, – Medvedev iddia edib.