Tramp və Harrisin reytinqi açıqlandı
ABŞ-nin 7 “tərəddüd edən” ştatında ölkənin keçmiş Prezidenti Donald Tramp və vitse-prezident Kamala Harrisin seçici reytinqi təxminən eynidir.
Bunu “Bloomberg” agentliyinin sifarişi ilə “Morning Consult”ın keçirdiyi sorğunun nəticələri göstərib.
Qeyd olunur ki, sosioloqlar oktyabrın 16-dan 20-dək Arizona, Viskonsin, Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Şimali Karolina ştatlarından qeydiyyatda olan 5 308 seçici arasında sorğu keçirib. Tədqiqatın xəta səviyyəsi 1 faiz bəndi olub.
Nəticələrə görə, respondentlərin 49,1 %-i Harrisə, 48,5 %-i isə Trampa səs verməyə hazırdır.
Sorğunun nəticələrinə görə, Arizona ştatında Harris 49,1 % səslə liderdir, Tramp 48,8 % səs toplaya bilib. Pensilvaniyada Harris 50 %, Tramp 48,2, Miçiqanda Harris 49,6 %, Tramp 46,5% səs toplayıb. Nevada ştatında da Harris kiçik fərqlə öndədir: 48,3 %-ə qarşı 48,8 %.
Corciyada Tramp 49,9 %, Harris 48,4 % səs toplayıb. Keçmiş prezident həmçinin Şimali Karolina (48,5 %-ə qarşı 49,6 %) və Viskonsində (48 %-ə qarşı 48,3 %) respondentlər arasında daha populyar olub.