• 25 Noyabr 2024 19:14

Sabah qonşu və dost Gürcüstanda çox vacib seçki keçiriləcək. 

Bu seçki həm də Gürcüstanın gələcək inkişaf vektorunu müəyyənləşdirəcək referendum mahiyyəti daşıyır: ya Avropa, ya da Rusiya…

 

Əlbəttə ki, bizləri ilk növbədə orada yaşayan soydaşlarımızın vəziyyəti, rifahı və taleyi maraqlandırır. Azərbaycan hakimiyyəti Türkiyə seçkilərində olduğu kimi, Gürcüstandakı seçki prosesinə də qarışaraq açıq şəkildə “Gürcü Arzusu”nu dəstəkləyir: Gürcüstan vətəndaşı olan azərbaycanlı türk-müsəlmanlar arasında təbliğat aparmaq üçün əslən oralı olan bəzi insanlar qonşu ölkəyə göndərilir, hətta iş o yerə çatıb ki, Xoşqədəm Hidayətqızı öz verilişində soydaşlarımıza müraciət edərək (aydındır ki, yuxarının təlimatı ilə) onları indiki hökuməti dəstəkləməyə çağırır.

 

Bunun nə qədər yanlış olduğunu söyləməyə heç ehtiyac da yoxdur, təkcə onu düşünmək lazımdır ki, başqa ölkələr Azərbaycan daxili siyasətinə bu cür müdaxilə etsələr, bizim hakimiyyətin reaksiyası necə olardı. Digər tərəfdən, belə çağırışlar, müraciətlər oradakı soydaşlarımızın iradəsinə lazımsız müdaxilədir və heç də onlara hörmətdən irəli gəlmir.

 

Əlbəttə ki, biz Gürcüstandakı seçkilərin mümkün nəticələrini istər soydaşlarımızın taleyi, istərsə də Azərbaycanın maraqları kontekstində təhlil edib, mövqe ortaya qoya bilərik, amma oradakı insanların seçiminə müdaxilə etməməliyik və onları rahat buraxmalıyıq.

 

Şəxsi qənaətim ondan ibarətdir ki, avrointeqrasiya prosesinin davam etməsi və Gürcüstanın Avropa İttifaqına üzv olması soydaşlarımızın uzunmüddətli maraqları baxımından daha uyğun variantdır, nəinki təkrar Rusiya orbitinə qayıtmaq. Aİ üzvlüyü yolunda uğurla irəliləyərsə, Gürcüstan insan hüquq və azadlıqlarını tam təmin edən Avropa tipli demokratik ölkəyə çevriləcək. Aİ üzvlüyü hər sahədə, o cümlədən milli azlıqların hüquqları ilə bağlı (din azadlığı da daxil olmaqla) Avropa standartlarının tətbiqi deməkdir. Bu, onun təminatıdır ki, türk-müsəlmanlar Gürcüstanda rahat yaşamağa davam edəcəklər və öz gələcəklərini məhz bu ölkə ilə bağlayacaqlar, köçüb getmək haqqında düşünməyəcəklər. Dədə-baba torpaqlarının boşalmaması üçün bu, həyati dərəcədə vacib məsələdir.

 

Avropadan uzaqlaşıb, Rusiyanın ağuşuna qayıtmaq isə siyasi və sosial-iqtisadi destabilizasiya riski yaradacaq. Rusiyaya yaxınlaşmaq Avropaya yaxınlaşmağın tam əksi olan nəticələr ortaya çıxaracaq: Gürcüstanın demokratik inkişafı dayanacaq, ölkədə hüquq və azadlıqlar, o cümlədən milli azlıqların haqları tədricən məhdudlaşdırılacaq. Hazırda “Gürcü Arzusu” Konstitusiyaya dəyişiklik edərək Gürcüstanı pravoslav xristian dövləti elan etməyə hazırlaşır. Məhz mövcud hökumətin dövründə radikal gürcü şovinist-millətçiliyi təkrar baş qaldırıb, “Gürcü Marşı”, “Alt info” kimi antitürk, antimüsəlman təşkilatlarının fəaliyyətinə geniş şərait yaradılıb. Aydındır ki, “Gürcü Arzusu” hakimiyyətdə qalmağa davam edərsə, bu təhlükəli tendensiyalar daha da güclənəcək. Gürcüstandakı azərbaycanlılara, eləcə də Azərbaycan dövləti və xalq olaraq bizə bu lazımdır?

 

Siyasi müstəvidə Qərblə əlaqələrin zədələnməsi qaçılmaz olaraq iqtisadi əlaqələrə də mənfi təsir edəcək. İlk növbədə vizasız rejim ləğv olunacaq, Avropa ölkələri və ABŞ-dakı yüz minlərlə gürcüstanlı əmək miqrantı geri göndəriləcək, bu isə Gürcüstan daxilində sosial stabilliyi pozacaq. Qərblə iqtisadi əlaqələrin məhdudlaşması Gürcüstanın idxal-ixrac əməliyyatlarına mənfi təsir edəcək, məsələn, ölkənin əsas ixrac gəlirlərini təşkil edən avtomobil idxalı və reeksportu azalacaq, bəlkə də tamamilə kəsiləcək. Hazırda Qərb tərəfindən Gürcüstana, o cümlədən şəxsən İvanişviliyə qarşı ciddi sanksiyaların tətbiqi gündəmdədir və xüsusən seçkidə saxtakarlıq olarsa, düyməyə basılacaq.

 

Artıq Aİ Gürcüstanda yüz milyonlarla avroluq proqramların maliyyələşdirilməsini dondurub. Sanksiya gözləntisi ilə əlaqədar beynəlxalq ticarət şəbəkələri Gürcüstan ixracatçıları ilə uzunmüddətli müqavilələr bağlamaqdan imtina etməyə başlayıblar. Gürcüstan dövləti Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq təşəbbüsündən kənarlaşdırılıb. Böyük Britaniya hökuməti Gürcüstanla strateji “Uordrop dialoqu”nu dayandırıb.

 

Bunlar hələ ilk qaranquşlar olmasına baxmayaraq, ölkə maliyyə bazarında ajiotaja səbəb olub. Fiziki və hüquqi şəxslər özlərini təminat altına almaq üçün dollara yönəlir. Təkcə bu ay Gürcüstan Mərkəzi Bankı 3 dəfə (il ərzində 6 dəfə) bazara müdaxilə edərək valyuta intervensiyası həyata keçirib. İndi təsəvvür edin, sanksiyalardan sonra hansı vəziyyət yarana bilər…

 

Amma son nəticədə seçim Gürcüstan vətəndaşlarınındır. Saxtakarlıq olmayacağı halda, onların istənilən seçiminə hörmətlə yanaşmaq lazımdır.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər