Biri quş olmaq istəyir, o biri başından pivə tökür, digəri eskort bazarı açır…
Bu aralar məni bir məsələ xüsusilə narahat edir. Bu da instaqramda müxtəlif məhsulların alqı-satqısı ilə məşğul olan instaqram səhifələridir. Tələsməyin, fikrimi misallarla izah edəcəyəm.
Bir çox səhifələrdə geyimlər, evlər, kitablar və s. adına “model” deyilən qadınlar tərəfindən biabırçı formada təqdim olunur. Qadın bədənindən sui-istifadə edilir.
Ad çəkməyəcəyəm, hamı bilir. Məsələn, ötən illərdə məşhur kitab mağazalarından birinin səhifəsində müəllimlər günü ilə bağlı paylaşım kəskin tənqidlərə səbəb olmuşdu. Səhifə müəllimlər gününə görə edilən endirim zamanı müəllim obrazını mini yubkalı və dərin sinə dekolteli bir xanımın fotosu ilə təqdim etmişdi. Sonradan məlum oldu ki, həmin fotodakı xanım pornoulduzdur.
Yəqin sizin də rastınıza məhşur əmlak səhifəsi çıxıb. Deməli, hansısa evin satışı üçün öndə bir xanım gedir. Dərin dekolteli paltar geyinib. Arxadan gələn şəxs onu aşağıdan kameraya çəkir, xanım isə evi “təqdim edir”. Hələ “reklamların”ın işə yaradığını, evlərin tez satıldığını bildirirlər.
Bu yaxınlarda yenə əmlak səhifələrində oxşar “reklam”a yol verilmişdi.
Yaxşı şəraiti olan mənzilin satışı və icarəsi ilə bağlı materialda arxa fonda bir kişi danışır. Təqdimat təxmini belədir: “Eskort gətirməyə hər şəraiti olan bir otaqlı mənzil”
Növbəti misalım geyim səhifələrindən olacaq. Bunların sayı da n qədərdir. İnstaqramı haçan açırsan, dolu bədənli bir qadın damdar və dekolteli geyimdə paltarları tərifləyir, ucuzluğundan danışır. Hətta o gün bir xanım XXL bədəninə məktəbli paltarlarını geyinib saçına da bantik bağlayıb əzilə-əzilə, yellənə-yellənə danışır. Boğazında qır-qızıl, əlində uzun dırnaqlar, dodağı da şişirdilib. Sizcə, bu düzgündürmü? Keçid dönəmində olan qız uşaqları üçün pis örnək deyilmi? Ən azından sabah onlar gözəl görünmək üçün o xanıma bənzəməli olduqlarını düşünməyəcəklərmi?
Hələ o gün məşhur tiktoker yaxnında azyaşlı uşaqla ev geyimlərini reklam edirdi. Bu reklamda geyimdə heç bir problem yoxdur. Amma söyüşləri və açıq-saçıq danışığı ilə “məşhurlaşan” tiktoker deyir ki, “tanrı məni quş eylə, haxışta”. Məncə bu “reklam”a şərh verməyə ehtiyac qalmadı.
Son olaraq bu yaxınlarda internet fenomeni olan bir xanım pivəni reklam etmək üçün başından aşağı töküb özünü isladırdı.
Loru dildə bu reklamları fikirləşən “kreativ”lərə səslənirəm: Siz nə yaşayırsınız? Nə yeyib içirsiniz? Məqsədiniz nədir? Dədə-babadan bir misal var, deyirlər, ucuz malın alıcısı çox olar. Alıcı çəkmək üçün özünüzü bu qədər də ucuzlaşdırmayın. Sizin satdığınız tək şey axı o paltar, pivə, ev deyil. O qadınların bədənini də satırsınız.
İnanın ki, burada məsələ nə geyimlərin açıq-saçıq olmasında deyil, nə də kiminsə pivə satmasında. Hər halda fikrimi tutan tutdu. Ölkənin kitab mağazası belə, insanları bu yolla maariflənməyə səsləyirsə, onda digərlərinə nə deyək?!