Çində yarım milyondan çox korrupsioner məmur cəzalandırılıb.
Çin hüquq-mühafizə orqanlarının əməkdaşları korrupsiyaya qarşı genişmiqyaslı tədbirlər həyata keçiriblər və bu tədbirlər zamanı 589 min insan məsuliyyətə cəlb edilib.
Bu barədə Çin Xalq Respublikasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyasının rəsmi saytında məlumat verilib.
“Ümumilikdə 2972 iş əlavə araşdırmalar üçün prokurorluğa göndərilib”, deyə məlumatda qeyd edilir.
Məlum olur ki, ümumilikdə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə nəzarət orqanlarına vəzifəli şəxslərin qanunsuz fəaliyyəti ilə bağlı 2,703 milyon məktub və məlumat daxil olub. O cümlədən səlahiyyətli orqanlara 756 min şikayət edilib.
Eyni zamanda, komissiyanın məlumatına görə, korrupsiyaya görə cəzalandırılan 589 min vətəndaşdan 74 min nəfəri kənd və rayon səviyyəsində vəzifəli şəxslərdir. Müxtəlif idarə və büroların 2,7 mindən çox əməkdaşı, o cümlədən əyalət və nazirlik səviyyələrində 53 vəzifəli şəxs məsuliyyətə cəlb edilib.