Ərdoğanın BMT-ki çıxışı kitab şəklində çap olunub – FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın insanlıq adına bütün dünyaya mühüm çağırışlar etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasındakı çıxışı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən kitab şəklində çap olunub.
Tacxeber.com xəbər verir ki, türk, ingilis və ərəb dillərində hazırlanan bu kitab Prezident Rəcəb Tayyib Ərdoğanın vicdanları sızladan məsələlərlə bağlı dünyaya və beynəlxalq ictimaiyyətə müraciətini və həll təkliflərini gələcək nəsillərə bələdçi kimi təqdim etməyi hədəfləyir.
Prezident Rəcəb Tayyib Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” şüarı ilə həqiqətləri dilə gətirdiyi çıxışı zamanı Qəzzada törədilən qətliamla yanaşı bir çox ölkənin ifadə etməkdən çəkindiyi bir çoxunun isə sadəcə səssiz qaldığı problemlər xatırladılıb.
Kitabda Qəzzada yaşanan insanlıq faciəsinin fotoşəkilləri ilə yanaşı Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı Fələstin xalqına qarşı zülmün davam etdiyi müddət ərzində Yaxın Şərqdə daimi sülh və sabitliyin əldə edilməsinin mümkün olmadığı bildirilib. Həmçinin dərhal daimi atəşkəsin təmin edilməsi, girov-əsir mübadiləsinin həyata keçirilməsi, humanitar yardımların maneəsiz və fasiləsiz şəkildə Qəzzaya çatdırılmasının vacibliyini vurğuladığı qeyd edilir.
Eyni zamanda kitabda Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı “Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi şəkildə tanınması, terror təşkilatları arasında ayrıseçkiliyin edilməyəcəyi, Qarabağın Azərbaycan ərazisi olması həqiqəti,
Sudandakı qarşıdurmaların sona çatması üçün daha çox səylərin göstərilməsinin vacibliyi, Türkiyənin Afrika ilə həmrəy olmağa davam edəcəyi, Türk dövlətləri ilə əlaqələri və əməkdaşlığı daha da gücləndirəcəyi, davamlı inkişaf hədəflərinə çatmaq üçün Türkiyənin verdiyi töhfələri və təklifləri, islamofobiya ilə mübarizədə atılacaq addımlar, ailə instituna qarşı edilən hücumlara və cinsiyyətsizləşdirmə təbliğatlarına qarşı Türkiyənin mübarizəsindəki qətiyyəti” kimi mövzularda səsləndirdiyi fikirləri geniş bir şəkildə yer alır.