• 24 Noyabr 2024 12:08

İctimai-siyasi fəalları ittiham edən prokuror mərc oyunları aludəçisi imiş

“Evə sərxoş gəlib, uşağı oyadırdı, şahmat taxtasını başına vururdu, səhərə qədər işgəncə davam edirdi”

 

Bir çox ictimai-siyasi fəalın məhkəmələrində ittihamçı qismində çıxış edərək, onlara ağır cəzalar tələb etmiş prokuror – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Seyhun Azadəliyev mərc oyunlarının aludəçisi imiş. Bu, rəsmi məhkəmə qərarı ilə təsdiqlənib.

 

Meydan TV-nin əldə etdiyi məlumata görə, Seyhun Azadəliyev iki il ərzində mərc oyunlarından 108 min manatdan çox pul udub. Boşanma zamanı məhkəmədə digər əmlaklarla yanaşı, birgə nikah dövründə əldə olunmuş bu gəlirin də bölgüsü məsələsi ortaya çıxıb. Məhkəmə bu vəsaitin bir hissəsini keçmiş həyat yoldaşına ödəmək barədə prokurorun üzərinə öhdəlik qoyub.

 

Seyhun Azadəliyevin keçmiş həyat yoldaşı ilə birgə nikahdan 14, 12 və 6 yaşlarında 3 övladları var. Uşaqlardan biri şahmatçıdır, erkən yaşlardan bu sahədə ciddi uğurları var.

 

Seyhun Azadəliyev uşaqları ilə istədiyi kimi görüşə bilməməsi, keçmiş həyat yoldaşının buna imkan verməməsindən şikayətlənib.

 

Keçmiş həyat yoldaşı isə bildirib ki, uşaqlara heç bir təsir göstərməyib, əksinə, ataları ilə bağlı bir çox həqiqəti uşaqlarından gizlətməyə çalışıb. Məqsəd isə uşaqlarda atalarına qarşı mənfi hisslərin yaranmasının qarşısını almaq olub.

 

Onun sözlərinə görə, Seyhun Azadəliyev övladlarının gözü önündə zorakılıq edirdi. Bəzən şiddət uşaqlardan da yan keçmirdi.

“Dəfələrlə sərxoş vəziyyətdə evdə otağın qapılarının şüşələrini sındırıb, səsə uşaqlar oyanıb. Gecə uşaqdan tələb edib ki, üzünü yusun, şahmat oynamağa başlasın. Uşaq istəməyəndə, səhv buraxanda onu şillə ilə vururdu, alçaldırdı. Bəzən şahmat taxtasını oğlumun başına vururdu. Bütün gecəni bu işgəncə davam edirdi. Bunun nəticəsidir ki, oğlumun eşitmə qabiliyyətində problem yarandı. Ayrılandan sonra da müalicələrini davam etdirirəm”.

 

Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası isə atanın davranışı və xarakterində uşağın təlim-tərbiyəsinə mənfi təsir göstərə biləcək xüsusatlar aşkarlanmadığı haqda rəy verib.

 

Seyhun Azadəliyev ictimai-siyasi fəallardan Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazdıqdan sonra narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilən Bayram Məmmədovun, hüquq müdafiəçisi İntiqam Əliyevin, Leyla və Arif Yunusların və s. məhkəməsində ittihamçı-prokuror qismində çıxış edib.

 

O, 2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. (Meydantv)

Tacxeber.com

Oxşar xəbərlər