• 24 Noyabr 2024 05:35

“Əgər Bakıda belə bir hadisə “GOP-29” zamanı da baş verərsə, onda…”

“Əgər Bakıda belə bir hadisə “GOP-29” zamanı da baş verərsə, onda...”

“…Belə olan halda son hadisəni yalnız təbiətin şıltaqlığıyla əlaqələndirmək doğrudurmu? Bəs paytaxtın rəhbər məmurları, əlaqədar nazirlər ölkə başçısı qarşısında “COP-29” kimi mötəbər bir tədbir öncəsi şəhərin adi yağış sularına təslim olmasını necə izah edəcəklər? Vətəndaşların avtomobillərinə, evlərinə dəyən zərərlər ödənəcəkmi?..”

 

Bildiyiniz kimi, ötən həftə Bakıda baş vermiş güclü leysan yağışların şəhərdə kanalizasiya və drenaj sisteminin normal işləməməsi səbəbindən bir sıra tunellərə və bəzi yaşayış ərazilərinə güclü axını nəticəsində neçə-neçə avtomobil su altında qaldı, hətta iki nəfər həlak oldu. Dəqiq sayı açıqlanmır, amma, yəqin ki, azı onlarla ailənin evi, əmlakları, əşyaları su altında qalıb. Yəni can itkisi ilə paralel çox sayda Bakı sakininə külli miqdarda maddi ziyan da dəyib. Şəhər meri isə mediaya açıqlamasında deyir ki, bu, təbii fəlakətdir, yağış normadan artıq yağıb və s. Və yaxşı ki, etiraf edib ki, “yəqin ki, bəzi nöqsanlarımız olub”.  Amma göz qabağındadır ki, paytaxtın əksər küçələrində yağış sularının axması üçün normal drenaj sistemi yoxdur.  Bunu bu gün çox qısa müddətdə yağan və heç orta gücdə də olmayan yağış da sübut etdi. Yenə eyni məkanlar, tunellər su ilə doldu… Və uğurlu iş kimi görünən yalnız FHN maşınlarının həmin dolmuş suları çəkməsi oldu… 2018-ci ildə rəsmi olaraq bildirilmişdi ki, Bakı küçələrinin 84 faizində yağış kanalizasiya sistemi yoxdur. Belə olan halda son hadisəni əsasən təbiətin şıltaqlığıyla əlaqələndirmək doğrudurmu? Bəs paytaxtın rəhbər məmurları, əlaqədar nazirlər ölkə başçısı qarşısında “COP-29” kimi mötəbər bir tədbir öncəsi şəhərin adi yağış sularına təslim olmasını necə izah edəcəklər? Vətəndaşların avtomobillərinə, evlərinə dəyən zərərlər ödənəcəkmi?..

 

Tacxeber.com xəbər verir ki, Moderator.az siyasi qurum rəhbəri olan Azad Vətən Partiyasının lideri Akif Nağının bu suallar ətrafında  düşüncələrini öyrənib. Akif Nağı mövzu ətrafında bunları söyləyib:

 

“Bakıda yağış, qar yağan zaman meydana çıxan müşküllər həmişə yaşanıb. Belə görünür ki, problemin həlli ilə bağlı iki mümkün yanaşma var. Biri ondan ibarətdir ki, problemə cavabdeh, məsul təşkilatlar, birinci növbədə Bakı şəhərinin meriyası fikirləşirlər ki, xərc çəkib hansısa böyük işlər görməkdənsə, birtəhər hadisə baş verəndə yola vermək lazımdır ki, hər kəs dözsün, maşınlar evdən çıxmasın, insanlar da maksimum az hərəkət etsinlər və s. Nəticədə iki-üç gün problem yaşandıqdan sonra yavaş-yavaş hər şey yoluna düşsün.  Bu, bir yanaşmadır.  Və çox təəssüf ki, bu günədək məhz belə yanaşma üstünlük təşkil edir. Həmin yanaşma tərəfdarları hesab edilər ki, qənaət edirlər nədəsə, artıq vəsait xərclənmir. Amma əslində dövlətə və  vətəndaşlara külli miqdarda zərərlər dəyir.  Çünki həm yollar bərbad hala düşür, evlər, maşınlar su altında qalır, eyni zamanda birinci mərtəbələrdə yerləşən dövlət müəssisələrinə də zərərlər dəyir. Son leysan yağışlar zamanı da bu cür hallar yaşanıb.  İnsan tələfatı isə heç bir pulla, vəsaitlə ödənilə bilməz. Bir sözlə, belə təbiət hadisələri zamanı dəyən bu zərərlər həddindən artıq böyükdür. Hər dəfə dövlətə, xalqa belə zərərlər vurulanda məsul şəxslər ekranlarda özlərini elə göstərirlər ki, guya dövlətə xidmət edirlər, amma əslində belə qeyri-adekvat davranışlarla dövlətə çox böyük ziyan vururlar…

 

İkinci yanaşma isə ondan ibarətdir ki,  dövlət səviyyəsində sözügedən problemi aradan qaldırmaq üçün proqram ortada olmalıdır.  Və nəinki Bakı şəhərinin, bütün ölkənin başdan-ayağa bu cür situasiyalara hazır olması üçün müvafiq və konkret addımlar atılmalıdır, böyük işlər görülməlidir. Və bu işlər üçün böyük vəsait tələb olunur. Fəqət, ayrılacaq həmin vəsait Azərbaycanın indiki şəraitində başqa işlərə də sərf oluna bilər. Bildiyimiz kimi, ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlətimiz işğaldan azad edilmiş ərazilərdə böyük və geniş bərpa işləri ilə məşğuldur. Bunu da başa düşmək olar. Amma hesab edirəm ki, bütün hallarda dövlət xüsusən paytaxtımızdakı bəhs etdiyimiz problemin bir yolluq həlli və Bakının istınilən situasiyada normal həyatnı davam etdirməsi üçün hansısa optimal bir yol tapmalıdır…

 

Xülasə, zənnimcə bəhs etdiyimizi iki yanaşmadan ikincisinə üstünlük vermək gərəkdir. Və bu cür yanaşmanın xeyrini dövlət də, ayrı-ayrı qurumlar da bir müddətdən sonra görəcəklər. Yəni gələcəkdə hər dəfə bu cür hadisələr zamanı zərər dəyməməsi səbəbilə problemin birdəfəlik həlli üçün qoyulan o vəsait özünü doğruldacaqdır…

 

Digər tərəfdən, düzdür, onu da nəzərə almaq lazımdır ki, beynəlxalq aləmdə, bütün dünyada da təbii hadisələrdən, o cümlədən iqlim dəyişikliklərindən doğan bu cür hadisələr baş verir. İstanbulda da, Moskvada da, Parisdə də, Londonda da, Nyu-Yorkda da…  Amma söhbət ondan gedir ki, xüsusən inkişaf etmiş ölkələrdə bu cür təbii fəlakətlər öncəsi hazırlıq işlərinin səviyyəsi kifayət qədər yüksək olur və nəticədə belə problemlər olanda dövlətə, vətəndaşlara dəyəcək zərəri minimuma endirə bilirlər… Təəssüf ki, Azərbaycanda təbii fəlakətlərə, o cümlədən normadan artıq yağan leysan yağışlara qarşı hazırlığın artırılması üçün, demək olar ki, heç bir addım atılmır… Bakıda bu qədər binalar tikilir, lakin bir çox məsələlər, o cümlədən drenaj sisteminin düzgün qurulması nəzərə alınmır. Halbuki, yağıntılar zamanı suların mümkün qədər tez çəkilməsi, bir yerə toplanmaması üçün bu ən vacib məsələdir. Yalnız son illərdə tikilən binalarda, bildiyimə görə, Fövqəladə Hallar Nazirliyinin tələbləri yerinə yetirilir. Xüsusən də zəlzələyə davamlılıqla bağlı…

 

Hesab edirəm ki, Fövqəladə Hallar Nazirliyi binalar tikilən, yollar, yol qovşaqları çəkilən, yeraltı, yerüstü keçidlər qurulan zaman ilk növbədə drenaj sistemi, kanalizasiya xətlərinin düzgün qurulması məsələsini xüsusi diqqətdə saxlamalıdır. Yəni tikinti şirkətləri qarşısında zəlzələləyə davamlılıqla yanaşı, drenaj sistemi ilə də bağlı ciddi tələblər qoyulmalıdır. İndiyədək bu cür məsələlər nəzərə alınmayıbsa, heç olmasa bundan sonrakı tikinti işlərində yoxlanmalı, nəzərə alınmalıdır ki, Bakı leysan yağışların yaradacağı fəsadlara öncədən hazır olsun. Bu həddindən artıq vacib məsələdir…

 

Son onlliklərdə Azərbaycan böyük beynəlxalq layihələrə ev sahibliyi edir. Və qeyd etdiyiniz kimi, “COP-29”  kimi, nüfuzlu, genişmiqyaslı və hər ölkədə keçirilməsi mümkün olmayan möhtəşəm bir tədbir ərəfəsindəyik. Əgər həmin beynəlxalq tədbir zamanı belə bir hadisə baş verərsə, Bakıda yenə də ciddi problemlər yaranarsa, hesab edirəm ki, onsuz da ölkəmizə qarşı köklənmiş anti-Azərbaycan qüvvələrinə yeni bir fürsət və stimul verilər. Odur ki, deyilən məsələlər hökmən nəzərə alınmalıdır. Və o da var ki, bundan sonra da Azərbaycanda  belə nüfuzlu tədbirlər keçiriləcək…

 

Bilirik ki, dövlətin müəyyən planları var, göstərişlər verilir ki, sözügedən problem konkret bir müddətdə həll edilsin. Amma bu  çox da uzun müddəti əhatə etməməlidir. Yaxın vaxt ərzində müəyyən maliyyə imkanları da tapılmalıdır, Azərbaycanın, xarici ölkələrin,  eləcə də qardaş Türkiyənin tanınmış böyük şirkətləri bu işlərə cəlb olunmalıdır ki, gərəkli olan bütün işlər həyata keçirilsin və problem ən optimal şəkildə aradan qaldırılsın…”

Tacxeber.com

Oxşar xəbərlər