Bakıda aktyor və arvadı 50 minə görə öldürülüb – Təfərrüat
Xəbər verdiyimiz kimi, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda iki nəfər şəxs yaşadığı mənzildə öldürülüb.
Tacxeber.com Milli.az-a istinadən xəbər verir ki, araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Mixaylovna Tkaçı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, İosif Tkaç 1997-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.
Cinayət hadisəsini törətməkdə şübhəli bilinən İslam Hadıyev aktyorun evində əvvəllər usta kimi çalışıb və bu müddət ərzində də yaşlı ər-arvadın etibarını qazanıb.
İ.Hadıyev mərhələli şəkildə onlardan 50 min manata qədər borc alıb, sonra isə aldığı borcu qaytarmayıb. Münaqişə də bundan sonra başlayıb. İosif Tkaç və arvadı Lyudmila Tkaç pulu qaytarmayacağı təqdirdə İ.Hadıyevdən polisə şikayət edəcəklərini bildiriblər.
İ.Hadıyev də son dəfə onların yaşadıqları mənzilə gələrək ər-arvadı öldürüb və daha sonra Salyan rayonuna qaçıb. Qaçdığı Salyan rayonunda da polis əməkdaşları tərəfindən saxlanılıb.