• 22 Noyabr 2024 18:01

Gürcüstan prezidenti prokurorluğa getməkdən imtina edib

Salome Zurabişvili
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvilison parlament seçkilərinin saxtalaşdırılması iddiaları ilə bağlı Baş Prokurorluqda dindirilməkdən imtina edib. Bundan əvvəl o, 26 oktyabr seçkilərini qeyri-legitim hesab etdiyini, hakim “Gürcü arzusu” partiyasının qələbəsinin saxtalaşdırıldığını bildirib.

Çərşənbə günü brifinqdə Zurabişvili prokurorluqda oktyabrın 31-nə təyin olunmuş söhbətə getməyəcəyini deyib. O vurğulayıb ki, prokurorluq qanun pozuntularına dair sübutları özü axtarmalı, dövlət başçısından bunu tələb etməməlidir. Prezident brifinqə seçki saxtakarlığı texnologiyaları haqqında videoçarx nümayiş etdirməklə başlayıb.

“Prokurorluğa məsləhət görərdim ki, işə başlasınlar və prezidentlə siyasi hesablaşmalardan çəkinsinlər. Prokurorluğa müraciət edirəm: siz xalqa hesabatlısınız, ictimaiyyət sizdən mənim sübutlarımı yox, təcili araşdırma tələb edir”, – Zurabişvili əlavə edib.

 

Salome Zurabişvili sorğu-suala tutulacaq

 

Gürcüstan prezidenti Salome Zurabişviliprokurorluğa çağrılıb. Prokurorluğun bəyanatında deyilir ki: “İstintaq zamanı iddia edilən cinayət faktları ilə bağlı bilgiləri ola biləcək bütün şəxslər sorğu-sual ediləcək”.

İstintaq ABŞ prezidenti Co Baydenin (Joe Biden) Gürcüstanda demokratiyanın geriləməsindən dərin təlaş keçirdiyini bildirməsindən sonra başladılıb. Bayden seçki saxtakarlıqları ilə bağlı ittihamlara şəffaf istintaqla cavab verilməsini istəyərək bunu da sözlərinə əlavə edib: “Gürcüstan hökumətini gerçək seçkilərin bərpası üçün dərhal bütün siyasi qüvvələrin cəlb edildiyi dialoq başlatmağa səsləyirik”.

Artan beynəlxalq basqının ardından Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 29-da bütün 84 seçki dairəsinin təsadüfi seçilmiş hər 5 məntəqəsində bülletenlərin yenidən sayılacağını bildirib.

 

Zurabişvili: “Avropa yolunda qalmağımızdan ötrü Qərbin basqısı lazımdır”

 

Gürcüstan prezidenti Salome Zurabişvili Qərbi hakim “Gürcü arzusu” partiyasına “oğurladığı” səsləri yenidən saymaq üçün təzyiq göstərməyə səsləyib. Bu barədə AzadlıqRadiosuna danışan xanım prezident bu baş verməsə, ölkənin Avropa perspektivini itirəcəyini deyib.

Zurabişvili və müxalifət 300 minədək səsin hakim partiyanın xeyrinə yönəldiyini, nəticədə “Gürcü arzusu”nun 54 faiz səs topladığını söyləyir.

“Qərb təzyiq göstərməsə, Gürcüstanı öz tərəfində saxlamaq və Avropa perspektivimizi qorumaq üçün bütün imkanlarını sınamamış olacaq”, – Zurabişvilinin sözləridir.

 

Zurabişvili bildirib ki, exit-poll sorğuları Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi nəticələri ilə haçalanır. Müxalifətin iki exit-poll-u hakim partiyanın 42 faiz, rəsmi bilgilərsə 54 faiz səs topladığını açıqlayıb. Üstəlik, həmin sorğular dörd müxalif partiyanın səslərinin aydın çoxluğunu qazandığını söyləsə də, MSK bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bildirib.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, “qeyri-bərabər rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb”. Seçki günü səslərin satın alınması, ikili səsvermə, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib

 

“Rusiya özəl əməliyyatının qurbanı”

 

ABŞ, Aİ, Kanada və İsveç ölkədəki seçkilərdən sonrakı durumu tənqid ediblər.

Seçkilərin “Rusiya özəl əməliyyatı”nın qurbanına çevrildiyini söyləyən Zurabişvili nəticələri tanımaqdan boyun qaçırıb.

Rusiya seçkilərə təsir göstərməsinə dair ittihamları rədd edib.

“Gürcü arzusu” partiyası 2012-ci ildən hakimiyyətdədir. Qərbyönümlü siyasət apardığını söyləsə də, son iki ildə hakimiyyət ölkənin siyasi kursunu Rusiya istiqamətində dəyişib. (Azadliq)

Tacxeber.com

Oxşar xəbərlər