Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?
Xəbər verdiyimiz kimi, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Rasim İldırım uzun müddət daxili işlər orqanlarında çalışıb, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini olub, polis polkovnikidir. Onun karyerasının bitməsinə səbəb keçmiş Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevlə görüşərək, onunla itən qardaşı haqda danışması olmuşdu.
Elşad Abdullayev o görüşün gizli görüntüsünü hadisədən 10 il sonra yaymışdı. Videoda Elşad Abdullayev Rasim İldırım ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.
Rasim İldırım məşhur jurnalist Əli İldırımoğlunun oğlu, hazırda pensiyada olan məşhur prokuror Yusif İldırımzadınin və “Əmrahbank”ın təsisçisi Yunus İldırımzadənin qardaşıdır.
Yusif İldırımzadə həmçinin general-polkovnik, DİN-in sabiq rəhbəri Ramil Usubovla qudadır.
Zaur Mirzəzadə isə bundan öncə də həbs edilmişdi. 2022-ci ildə külli miqdarda dələduzluq işi üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesində Z.Mirzəzadə 5 il azadlıqdan məhrumedilmə cəzası almış, məhkəmə zalındaca həbs olunmuşdu.