143 gündür aclıq edən siyasi məhbus
Həbsxanada 143 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun məhkəməsi dekabrın 5-dək təxirə salınıb.
Bu barədə onun ailəsindən Amerikanın Səsinə deyiblər.
“Noyabrın 1-də Fazillə görüşümüz oldu. Səhhəti çox ağırdır. Çoxsaylı ağrılardan əziyyət çəkir. Oktyabrın 31-də məhkəməsi olmalı idi. Fazilə heç bir səbəb demədən məhkəməni dekabrın 5-dək təxirə salıblar. Fazilə kitab çatdırmaq da daha mümkün deyil. O Azərbaycan konstitusiyasını istəmişdi. Lakin konstitusiyanın mətni olan kitabı ona verməyə imkan verməyiblər”, ailə üzvü qeyd edib.
Ailə üzvünün dediyinə görə, Fazil Qasımova vəkilindən imtina etməsi üçün ona təzyiq edirlər.
Xatırladaq ki, Azərbaycanda keçirləcək COP29 konfransı səbəbindən noyabr ayında siyasi məhbus kimi tanınan şəxslərin demək olar ki, hamısının məhkəmələri təxirə salınıb.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, Qasımov əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Lakin o həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.