Ülvi Həsənli: “Rəis müavini dedi ki, onun xəbəri yoxdur, sadəcə ona elə deyiblər, o da icra edir.”
Jurnalist deyir ki, Penitensiar Xidmət boğaza qədər problemin içindədir, Mirsaleh Seyidov isə siyasi məhbuslara təzyiq göstərməyin çeşidli yolları üzərində işləyir .
“Abzas Media”nın direktoru, araşdırmaçı jurnalist Ülvi Həsənli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından ictimaiyətə məktub ünvanlayıb.
O, məktubunda yenə məhbusların məruz qaldıqları təzyiqlərdən və həbs yerlərindəki problemlərdən söz açıb. Mətni olduğu kimi təqdim edirik:
““Abzas Media işi” üzrə həbs olunanlar olaraq artıq bir ilə yaxındır Bakı İstintaq Təcridxanasında saxlanılırıq. Bu müddət ərzində bizə qarşı bir sıra məhdudiyyətlər, təzyiq və hədələr olub. Bunun əsas iki səbəbi var. Onlardan biri həbsxanada baş verən işgəncələri, qanunsuzluqları ictimailəşdirməyimizdir.
Bakı İstintaq Təcridxanası (BİT) və Penitensiar Xidmət (PX) rəhbərliyi fikirləşir ki, həbsxanada gözümüzün qabağında sistemli işgəncə, qeyri-insani rəftar, korrupsiya, özbaşınalıq, seçki saxtakarlığı həyata keçirəcəklər, biz də hansısa səbəbdən bu cinayət əməllərindən danışmayacağıq. Problemləri işıqlandırdığımıza görə PX rəhbərliyi bizə qarşı növbəti ucuz təzyiq metodlarına əl atmağa başlayıb. Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və mənim ailə üzvlərimizlə görüşlərə maneələr yaradılır.
Həbs olunduğumuz zaman ilk üç ay hamımıza telefon və görüş qadağası qoyuldu. Yaxınlarımızın səsini eşidə, üzünü görə bilmirdik. Üç ay keçəndən sonra da qızlara 9-10 ay ərzində ailə üzvləri ilə açıq görüş verilmədi. Mənə isə 6 ay ərzində 1 yaşlı qızımla görüşə imkan verilmədi. Son 2-3 ay qızlara bir-iki açıq görüş verdilər. Sonra yenidən qadağan olundu. İndi isə şüşə maneə olan zalda telefonla görüşlərimizə xüsusi nəzarətçilər ayırırlar ki, yanımızda bizi izləsinlər.
Qızımla 6 aydan sonra ayda bir dəfə görüşə icazə verdilər. Bu, 3-4 ay davam etdi. Suadın artıq 2 yaşı var və son bir il ərzində onu 4-5 dəfə görə bilmişəm. Sentyabr ayından görüşlərimizi yenidən qadağan ediblər. Qızımın böyüməyini, hərəkətlərini, emosiyalarını yalnız şəkillərdən görə bilirəm. Hansı mənəvi keyfiyyətdə olmalısan ki, belə “mübarizə” üsullarına əl atasan?! Bu, nə hüquqa, nə mənəviyyata, nə də əxlaqa sığır.
Sentyabrın 20-də növbəti görüş günüm idi. Bir aydan sonra qızımı görəcəkdim. Getdim görüş yerinə. Açıq görüş otağına keçəndə gördüm ailə üzvlərindən əlavə, qadın məhbusların saxlanıldığı korpusun rejim rəisi və psixoloq, mayor Təranə Quliyeva da otaqdadır. Anam, yoldaşım və qızımla görüşdüm. Fikirləşdim ki, yəqin bu adam otaqdan çıxacaq. Gördüm pəncərənin qarşısına söykənib, zillənib mənə baxır. Soruşdum ki, çıxacaqsınız, ya burada qalmaq fikriniz var? Çünki nə belə görüş formatı var, nə də mən belə görüş görmüşəm. Dedi burada qalacağam. Görüşdən çıxdım. Qarşıdakı otaqda növbətçi hissədə rəis müavini Əhəd Abdiyev, rəisin köməkçisi Səid adlı kapitan və psixoloq kapitan Səbuhi oturmuşdular.Onlara dedim ki, bu, deyəsən, yeni formatda görüşdür. Bu insan niyə mənim ailə görüşümdə oturmalıdır? Mayor Abdiyev dedi ki, pxisoloqdur, tapşırıq verilib ki, görüşdə otursun.
– Mən sizdən psixoloq xahiş etmişəm? Belə görüş olmur. Ya o, görüşdən çıxacaq, ya biz.
– Beş dəqiqə gözlə, xəbər edirəm.
Müavin vəziyyəti kiməsə məruzə etdi, sonra məni çağırdı.
– Xahiş edirəm, bu dəfə belə olsun. Növbəti dəfədən düzələcək. Nə edir ki? Sakit oturub. Rəis məzuniyyətdədir, ona görə belə olub.
On dəqiqəyə yaxın mübahisəmiz oldu. Çünki belə görüşə razılaşmaq olmazdı.
– Belə görüş necə ola bilər? Bunu hansı ağılın sahibi fikirləşib? Bunun məntiqi nədir? Bu, ancaq hörmətsizlikdir. Kimin beyninin məhsuludur ki, anam, yoldaşım və qızımla görüşümdə hansısa əməkdaş oturmalıdır?
Rəis müavini dedi ki, onun xəbəri yoxdur, sadəcə ona elə deyiblər, o da icra edir.
Ailə üzvlərimlə sağollaşdım və otaqdan çıxdıq. Görüşümüz heç bir dəqiqə də çəkmədi.
Növbəti həftə həyat yoldaşımla şüşə maneənin olduğu zalda telefonla görüşümüz oldu. Salamlaşdıq, yoldaşım dedi ki, zala keçəndə balaca bloknotunu əlindən alıblar. Yoldaşım həmin bloknota mənə lazım olan şeylərin siyahısını yazır ki, unutmasın. Etiraz edib görüşdən çıxdım. Tələb etdim ki, bloknotu geri qaytarsınlar. Müavinlər gəldi. Həmin vaxt rəisin səlahiyyətlərini icra edən polkovnik-leytenant Ceyhun Hacıyev və Əhəd Abdiyev dedilər ki, bloknotu qaytarırıq, amma sən qeyd dəftərini bizə ver, baxaq içində nə var. Buna xüsusilə Ceyhun Hacıyev təkid edirdi.
– Niyə mənim dəftərimə baxmalısınız?
– Bilmək istəyirik, orada nələr yazmısan.
– Bunun sizə nə aidiyyəti var? Niyə bilməlisiniz ki? Evə deyəcəyim ərzağın, ləvazimatların, oxuduğum kitabların siyahısı və istintaqımızla bağlı qeydlərim var. Amma oxumağa verməyəcəyəm. Telefonla danışanda onsuz da canlı qulaq asırsınız, ordan biləcəksiniz nə deyirəm. Bəlkə xəbərimiz yoxdur və senzura var? Yaxud dəftərimə reyd keçirmək hüququnuz var?
Ceyhun Hacıyev: – Bəli, senzura var. Bizim sənin dəftərinə baxış keçirmək hüququmuz var. Bəlkə orada qanunsuz yazılar var?
Bu cavaba bilmədim qəhqəhə çəkib gülüm, ya daha da əsəbləşim.
– Ölkədə senzura səhv etmirəmsə, 98-ci ildə ləğv edilib. Dəftərimə də baxmağınız qanunsuz hərəkətdir.
Vəziyyət budur. Həbsxananı idarə edən adamların əksəriyyətinin vəzifələrinin tələb etdiyi qanunvericilikdən, sənədlərdən xəbərləri yoxdur.
Növbəti ailə görüşüm 27 sentyabrda oldu. Bu dəfə bloknot götürülmədi. Amma kimsə yeni format eksperiment edirdi. Şüşə olan zala girdim, gördüm həmin Təranə adlı “psixoloq” yoldaşım tərəfdə arxada oturub, mən tərəfdən isə 4 nəfər zabit-gizir nəzarət edirdi. Həqiqətən gülməli mənzərə idi. PX-də ciddi işçi çatışmazlığı olduğu halda, bir məhbusun görüşünə beş əməkdaş ayrılmışdı.
Bu mənzərə 80-ci illərin İranındakı siyasi məhbusların vəziyyətini xatırladır. Səhər Delicani “Çakaranda ağacının uşaqları” əsərində yazır ki,siyasi məhbusa ailə üzvləri ilə görüşü qadağan olunmuşdu. Aylar sonra 1-2 yaşlı qızını görmək üçün ona çox qısa görüş verirlər. Uzun müddət sonra anası ilə də görüşə icazə verilir, amma nəzarətçilərin yanında. 40 il əvvəl İran diktaturasında olan təzyiqlər, yanaşma indi Azərbaycanda bizə – jurnalistlərə, siyasi məhbuslara tətbiq olunur. Ölkəni irəli aparmaqdansa sürətlə zülmətə doğru çəkirlər.
Təranə Quliyevanın ailə üzvlərimlə görüşdə oturmağı rüsvayçılıqdır. Guya bu şəxs psixoloqdur. Həmin görüşə qədər 10 ay idi həbsdəydim, amma bir dəfə də psixoloq konsultasiyası görməmişdim. BİT-də yüzlərlə məhbus psixoloji problemlərdən əziyyət çəkir, amma heç kim psixoloq tapmır. Əvəzində bu “psixoloq” qadınların korpusunda onlara edilən işgəncələrin təlimatlarını verir. Biabırçılıq odur ki, işgəncələrdə adı keçən, canında psixoloqluqdan qram əlamət olmayan bu qadın qızımla görüşdə otuzdurulmuşdu. Təbii olaraq, 2 yaşlı uşaq da üzündə heç bir müsbət emosiya olmayan bu şəxsi görəndə ağlamağa başladı. Bu mayor məhbuslarla maraqlanmaq əvəzinə, psixoloji gərginlik yaradan bir mexanizmin vinti olub. Belə psixoloq olar.
Penitensiar Xidmət boğaza qədər problemlərin içindədir. Xidmət rəisi Mirsaleh Seyidov və BİT rəisi Elnur İsmayılov isə əslində məşğul olmalı olduqları məsələləri kənara atıb jurnalistlərə, siyasi məhbuslara necə yeni formalarda təzyiq göstərə, onları susdura bilərlər, onun üstündə baş sındırırlar. Bəlkə də bu enerjini düzgün istiqamətə sərf etsəydilər, PX-də problem qalmazdı. Əgər general Seyidovun və polkovnik İsmaylovun mövcud problemlərdən xəbərləri yoxdursa, yaxud məşğul olmaq yadlarından çıxıbsa, onlara bu problemləri xatırlada bilərik.
Başlayaq başlıca problem olan sistemli işgəncələrdən… Penitensiar Xidmətin demək olar, elə müəssisəsi, həbsxanası yoxdur ki, məhbuslar oradakı işgəncələrdən fəryad etməsinlər. Bundan əvvəlki yazımda danışdığımız işgəncələr saxlanıldığım 8-ci korpusun 1-ci mərtəbəsində dayandırılıb, amma bu proses yanımızdakı 7-ci korpusun 1-ci mərtəbəsində əvvəlki templə davam edir. Bu müddət ərzində dəfələrlə oradakı işgəncələrin səsini, məhbusların qışqırıqlarını eşitmişik. Bundan əlavə, qadın korpusunda da işgəncələr davam edir. Mayor Təranə Quliyeva işgəncələr üçün təqdimat verir, əməliyyatçı, mayor Ədalət Qurbanov isə icra edir. Məhbuslar haqlarını tələb etdikdə bu şəxslər problemləri həll etmək əvəzinə, hətta qadın məhbusları döyür, hədələyir, “karserə” salırlar. Bu barədə saatlarla danışmaq olar. Yəni, vəziyyət o qədər acınacaqlıdır.
İkinci vacib problem: korrupsiya və rüşvət. Bu sistemdə bunun bir çox forması var. Ancaq onların hamısından danışsaq, gərək bu yazı çox uzansın. Ona görə də bəzi nümunələrlə kifayətlənəcəyəm. Bunlardan biri həbsxanaya gələr-gəlməz məhbuslardan pul alınmasıdır. Dustağın üstü yoxlanan zaman onun nə qədər pulu olduğu bilinir və əhəmiyyətli hissəsi ondan məcburi şəkildə alınır. Sonra məhbus karantinə göndərilir. Qalan pul da orada “üstündə pul gəzdirmək olmaz” bəhanəsilə ələ keçirilir. Növbəti korrupsiya mənbəyi müəssisələrdəki karantinlərdir. Dustaqlar karantində günlərlə, həftələrlə qanunsuz olaraq saxlanılır. Oradakı şərait isə çətin, ağır və bərbaddır. Məhbusları anti-sanitariya və ağır şəraitdə saxlayırlar ki, onlar karantindən ya pul verib, ya da “yuxarıdan” kimlərəsə zəng etdirib çıxsınlar. BİT karantini o qədər pis gündədir ki, sağlam insan orada xəstəlik tapar. Natəmizlik, şəraitsizlik, havasızlıq. Məhbuslar gecə yata bilmirlər ki, böcəklər ağızlarına, qulaqlarına girər. Heç bir şişirtmə etmədən yazıram, geri qalanını siz təsəvvür edin.
Korrupsiyaya yol açan əsas səbəb xüsusilə orta və aşağı vəzifəli əməkdaşların 500-600 manat maaş almasıdır. Üstəlik onlar həftədə 50-60 saat işləyirlər. Aşağı maaşla istismar edilirlər. Bununla ailə saxlayan insanlar var. Bu da avtomatik korrupsiyaya, məhbusun əlinə baxmağa səbəb olur. Penitensiar Xidmətin rəhbərliyi bu məsələ ilə məşğul olmaqdan, Sevinc Vaqifqızının, Elnarə Qasımovanın, Nərgiz Absalamovanın, Ülvinin ailə üzvləri ilə görüşlərini məhdudlaşdırmaqla məşğuldurlar.
Üçüncü problem: həbsxanada saxlanma şəraiti. 2500 nəfər üçün nəzərdə tutulan BİT-də təxminən 4 min məhbus saxlanılır. Məhbusların çox olması heç bir bəhanəyə əsas vermir. Bunun günahkarı məhbuslar deyil. Həbsxananın ağzına qədər dolu olmasının səbəbi çox sayda şərlənən məhbusun olmasıdır. Bu, ayrı bir yazının mövzusudur. Ancaq illik 140 milyon manat dövlət büdcəsindən pul ayrılan PX-in vəzifəsidir ki, saxlanma şəraitini təmin etsin. BİT-də havalandırma, isitmə-soyutma sistemlərinin, soyuducuların, su təchizatının vəziyyəti pisdir. Su gündə iki dəfə bir saat verilir. İsti su isə həftədə yalnız bir dəfə 2-3 saat. Soyuducuların sayı az olduğuna görə, yayda məhbuslar çox əziyyət çəkirlər. Əlbəttə ki, kondisioneri olan “elit” məhbuslar istisnadır.
Təcridxana yayda o qədər isti olur ki, gecələr yatmaq, gündüzlər nəfəs almaq mümkün olmur. Hər gün onlarla məhbus ürək tutması ilə tibb məntəqəsinə aparılırdı. Hətta istidən huşunu itirən nəzarətçi var idi. Amma bu problem kondisionerli, komfort şəraitdə kabinetlərində oturan vəzifəliləri bir qram da narahat etmir. Mənə ailəm ventilyator gətirmişdi, ancaq onu içəri buraxmadılar. Rəis dedi ki, sənin üçün çöldən ventilyator buraxmayacağıq, istəyirsən “laryokdan” (həbsxananın kiçik marketi) al. Məcbur qalıb “laryokdan” 40 manata ventilyator aldım.
Dəfələrlə Elnur İsmayılova müraciət etdim ki, günün isti vaxtlarında kameranın nəfəsliyini açsınlar. O isə imkan vermədi. Bu, əlbəttə tək onun qərarı deyildi.
Martın 13-də xidmət rəisi generalSeyidovun tapşırığı ilə görüşə gələn Rövşən adlı polkovnikməni hədələməklə təcridxanadakı dözülməz istidən belə bizə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklərinin anonsunu vermişdi. Mənə dedi ki, xidmət rəisi barədə tərifnamə yazmasan, fəaliyyətini dayandırmasan filan təzyiqlərlə üz-üzə qalacaqsınız. Bunlara öyrədilmiş dustaq tərəfindən kəsici-deşici alətlə hədələnmək, yayda dəhşətli istilərlə üz-üzə qoyulmaq, kameranın nəfəsliyinin bağlı saxlanılması (əksər kameralarda açıq idi), övladımla görüşə məhdudiyyətlərin qoyulması daxil idi. Bunlar icra olunan təhdidlərdir. Həmin 5 saatlıq görüşdə polkovnik bir sürü təhdid və şirnikləndirici vədlər səsləndirdi.
Daha bir problem: Bu məsələyə mən bir ad qoya bilmədim. Bəlkə oxucular qoya bildi. Rəis Elnur İsmayılov həbsxanaya yeni gətirilən bəzi məhbusların lüt şəkillərini çəkdirib telefonunda saxlayır. Xüsusilə transgenderlərin. Bu, hansı fantaziyanın, hüququn, əxlaqın məhsuludur? Bu adam dövlət məmurudur. Aşağı vəzifədə də deyil. Polkovnikdir. 8 ildir ölkənin ən böyük həbsxanasını idarə edir. Həmin çılpaq şəkillərdən dustaqlara qarşı şantaj vasitəsi kimi də istifadə edir. Kim bilir, başqa necə yararlanır onlardan.
Bu şəxslər danışanda milli-mənəvi dəyərlərdən, məhbuslara müstəsna hörmətdən, kişi kimi mübarizə aparmaqdan danışırlar. Amma qadın məhbuslara işgəncələr vermək, qadın jurnalistlərə – Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımovanın ailələri ilə görüşünə məhdudiyyət qoymaq hansı milli dəyərə, hansı qanuna uyğundur? 2 yaşlı övladım üzərindən mənimlə mübarizə isə kişilik yox, nakişilikdir. Həqiqətən bu qərarları verən və icra edənlərin yerinə utanıram. Çünki onlar öz vəzifələrini yox, qanunsuz əmrləri, qərarları icra edir. Onlar bizə təzyiq göstərməklə susdura biləcəklərini düşünürlər. Təzyiq və hədələr davam etdikcə, əksinə, bizim şərə və pisliklərə nifrətimiz daha da artır. Çünki bizimlə düşmənlik etməkdən əlavə, valideynlərimizlə, övladlarımızla da düşmənlik edirlər.