• 23 Noyabr 2024 20:03

Kilosu 4 manata başa gələn ətlər əsasən restoranlara göndərilir

“Bəyin oğurlanması” filmində İsrafilin “Monqol dublyonkası gəlmişdi, monqol turistlər alıb apardı” zarafatı hamının yadındadır. Son günlər isə ölkəmizə Monqolustandan gətirilən ət məhsullarının artması ilə bağlı xəbərlər yayılıb.

 

Sosial şəbəkələrdə ət satışı ilə məşğul olan müxtəlif şəxslər bu ölkədən gətirilən ətləri reklam edir, bəzi restoranlarda həmin ətlə bişirilən yeməklər təklif olunur. Dövlət Gömrük Komitəsinin  məlumatı da  təsdiq edir ki, həqiqətən də Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb. 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır.

 

 Bəs bu məhsullara nəzarət və yoxlama necə həyata keçirilir?

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir: “Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə, bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrinə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək”.

 

Bəs Monqolustandan bu ətlərin ölkəmizə gətirilməsi daxili bazarda qiymətlərə necə təsir edəcək?

 

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, hansı ölkədən idxal edilməsindən asılı olmayaraq, bunun ölkəmizdə ət məhsullarının qiymətinə təsiri qeyri-mümkündür. Onun sözlərinə görə, həmin məhsullar keyfiyyət və dəyər baxımından yerli ət məhsullarından xeyli dərəcədə aşağıdır: “İdxal olunan ət məhsullarının 99 faizi emal prosesində istifadə olunmaq üçün gətirilir və dönərxanalara, pizza bişirilən yerlərə, kolbasa hazırlayan sexlərə, ictimai-iaşə obyektlərinə verilir. Çünki həmin məhsulların maya dəyəri aşağıdır. Hətta 7-8 manata aldığımız dönər məhsulunda istifadə olunan ət yerli istehsal deyil. Həmin dönərlərdə də xaricdən gələn ətlərdən istifadə olunur. Monqolustandan gətirilən ətin idxalı ucuz və daha asan başa gəlir. Belə məhsulları insanlar evlərində istifadə etmək üçün almır. Orta gəlirli vətəndaş çalışır ki, yerli istehsal olan və gözünün önündə qəssabın kəsdiyi əti alsın. Yerli ət məhsullarının isə qiyməti günbəgün qalxır”.

 

İqtisadçının sözlərinə görə, ət məhsullarının istehlakında xaricdən bu qədər asılılıq ciddi siqnaldır: “Yerli heyvandarlıq kompleksi sürətlə məhvə doğru gedir. Örüş yerləri yox dərəcəsindədir. Pambıqçılığın inkişafı ilə bağlı atılan addımlar digər tərəfdən örüş yerlərinin azalmasına çox ciddi təsir göstərdi. Çünki pambıqçılığa ayrılan ərazilər kor-koranə şəkildə genişləndirildi. Nəticədə heyvanlar otlamağa yer tapmadılar.  Fermerlər də məcbur oldular ki, heyvandarlığın başını buraxsınlar. İndi adi kəndçi həyətində heç bir baş mal-qara saxlamır. Ölkədə heyvandarlığın vəziyyəti çox böhranlıdır. Lakin 8-9 il bundan qabaq ölkəmizdə 90-95 faiz ət məhsulları yerli istehsala aid idi. İndi isə vəziyyət tamamilə dəyişib, ucuz ət idxalı ilə məşğul olan ölkələr axtarırıq. Belə getsə, Azərbaycanda gələn il ətin qiyməti 20 manat və daha yüksəyə qalxacaq. Halbuki 5-6 il bundan qabaq biz Türkiyə və Avropa ölkələrində ətin bu qiymətə satıldığını eşidəndə təəəcüblənirdik.

 

Bu vəziyyətdən çıxmaq üçün yeni heyvandarlıq komplekslərinin yaradılmasına çalışmalıyıq. Sahibkarlara dövlət dəstəyi lazımdır. Örüş yerlərinin sayı artırılmalıdır. Daha sonra yemin qiyməti azaldılmalıdır. Bu proses çoxdan başlayıb. Bəzən kəndliləri qınayırıq, deyirik ki, maldarlıqla məşğul olmaq istəmirlər, şəhərə köçürlər və s. Onları qınamağın yeri yoxdur. Bir ot bağlamasının qiyməti 5 manatdır. Kəndli onun ikisinə 10 manat verməlidir. Hər gün 10 manat xərcləmək isə ona sərf etmir.

 

Bu sahədə vəziyyət uçuruma doğru gedir. Belə getsə, marketlərdə ancaq xaricdən gəlmə ət tapa biləcəyik. Tədbir görülməsə, bizi Avropa ölkələrinin taleyi gözləyir”.

 

Ekspert Natiq Cəfərli isə bildirib ki, yerli istehsalın azalması qiymətlərə ciddi təsir edir. Onun sözlərinə görə, son illərə nəzər saldıqda Azərbaycanda iribuynuzu və xırdabuynuzlu heyvanların say artımı müşahidə olunmur: “Bunun da ən böyük səbəblərindən biri ondan ibarətdir ki, bir neçə il öncə pambıqçılığın inkişafı ilə bağlı qərar verilərkən regionlarda bu qərarın yerinə yetirilməsi qüsurlu oldu. Örüş yerləri və mal-qara üçün yem bazası kimi nəzərdə tutulmuş yerlərdə pambıq əkdilər. Nəticədə mal-qaranın yem bazası azaldı və yemin qiyməti kəskin artdı. Yem qiymətlərinin artması isə bir çox fermerləri bazardan çıxmağa vadar etdi. Kiçik sahibkarlar və fermerlər bu işlə məşğul olmaqdan vaz keçdilər. Digərləri də yemi baha aldıqlarına və xərcləri çoxaldığına görə ətin qiymətini artırdılar”.

Musavat.com

Tacxeber.com

Oxşar xəbərlər