• 06 Noyabr 2024 17:27

Deputatın şirkəti 5,6 milyonluq tenderi uddu 

 

Səhiyyənin Təminatı Mərkəzi xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan tibbi ləvazimatlar və sərfiyyat materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub.

 

Tacxeber.com-ın “qaynarinfo”-ya istinadə verdiyi məlumata görə, tenderin qalibi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Mərkəzlə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 673 216,04 manat təşkil edir.

 

“Avromed Company” QSC tibb sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biridir. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Avromed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57000 AZN olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.

 

Kamran İskəndərov “Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işləyib. 2022-ci ildə isə “Avromed Company” QSC-nin baş direktoru təyin edilib.

 

“Avromed Company” QSC 2016-cı ilədək MMC kimi fəaliyyət göstərib. 2016-cı ildə şirkətin təşkilati hüquqi forması dəyişib.

 

Bundan başqa, 2011-ci ilədək şirkətin qanuni təmsilçisi Feyziyev Cavanşir Əyyub oğlu olub. Cavanşir Feyizyev deputatdır. Onun deputatlıq karyerası 2015-ci ildən başlayır. Cavanşir Feyziyev parlamentdə 115 saylı Şəki qəsəbə ikinci seçki dairəsini təmsil edir.

 

Cavanşir Feyziyevlə bağlı bioqrafik məlumatlarda isə onun 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı qeyd edilib. İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.

 

2015-ci ildən 2020-ci ilədək isə şirkəti Baxşıyeva Əzizə Cavanşir qızı təmsil edib. Əzizə Baxşıyeva Cavanşir Feyziyevin qızıdır. Bütün bunlar şirkətin Cavanşir Feyziyevə məxsus olması barədə iddialara səbəb olub.

 

2020-ci ildə isə “Avromed Company” QSC-nin yaydığı açıqlamada bildirilir ki, Cavanşir Feyziyev 2016-cı ildə isə səhmlərini satıb. Lakin deputatın qızı Əzizə Baxşıyevanın 2020-ci ilədək şirkətin qanuni təmsilçisi olması şirkətin açıqlamasına şübhə ilə yanaşmağa əsas verir.

 

Azərbaycan qanunvericiliyi deputatların bizneslə məşğul olmasını qadağan edir. Bu baxımdan, biznesmen deputatlar adətən şirkətlərini ayrı-ayrı adamlarını adına rəsmiləşdirir.

Tacxeber.com

Oxşar xəbərlər