• 18 Noyabr 2024 04:25

Boris Conson efirdən uzaqlaşdırıldı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Unleashed” (“Azad edilmiş”) adlı memuarlarını israrla reklam etdiyi üçün ölkənin “Channel 4” telekanalında proqramda iştirakdan kənarlaşdırılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

 

Qeyd olunur ki, ABŞ-də prezident seçkisinə həsr olunmuş televiziya proqramının başlamasından cəmi bir neçə dəqiqə sonra B.Conson kitabını götürüb, sonra aparıcı ilə söhbətində ona daim istinad edib. Sabiq baş nazir qeyd edib ki, aparıcının Ukrayna və siyasətə qayıtma ehtimalı ilə bağlı verdiyi sualların cavabını onun memuarlarında tapmaq olar.

 

Aparıcıdan kitabı qırağa qoymağı xahiş etdikdə, Conson imtina edərək deyib:

 

“Məni dayandırmaq üçün edə biləcəyiniz heç bir şey yoxdur… Kitabımı reklam etmək hüququm var”.

 

Verilişdəki fasilə vaxtı isə B.Conson studiyanı tərk edib və aparıcı onun uzaqlaşdırılmasının səbəbini kitabı haqqında çox danışması ilə izah edib.

 

Xatırladaq ki, Böyük Britaniyanın keçmiş baş nazirinin “Unleashed” adlı memuarları 2024-cü ilin oktyabrında nəşr olunub. Kitab onun London meri, Britaniyanın Aİ-dən çıxması üçün təşkil edilən kampaniyanın iştirakçısı, krallığın xarici işlər naziri və baş naziri kimi fəaliyyətindən bəhs edir. “The Guardian”ın məlumatına görə, geniş reklam edilən kitab nəşr olunduğu ilk həftədə təxminən 42 min nüsxə satılaraq bestseller olub, lakin növbəti həftədə satışlar 62% azalıb.

Tacxeber.com

Oxşar xəbərlər