Trampın yeni kabineti: İlon Maska sürpriz vəzifə
Yenidən ABŞ Prezidenti seçilən Donald Trampın mümkün kabineti açıqlanıb.
Bu barədə ABŞ mətbuatı yazır.
Dövlət katibi
Yeni kabinetdə eyni vəzifə üçün daha əvvəl Trampın dövlət katibi vəzifəsini icra edən Mayk Pompeonun adı hallanır. Bu baxımdan adı çəkilən digər şəxs senator Mark Rubiodur.
Bu isimlərə əlavə olaraq Arkanzas senatoru Tom Kotton, Tramp dövründə milli təhlükəsizlik müşaviri vəzifəsində çalışan Robert Obrayen və Tennessi senatoru Bill Haqertinin də adları çəkilir. “Euronews”un məlumatına görə, ABŞ milli kəşfiyyatın keçmiş direktoru Riçard Qrenell də Trampın namizədləri arasındadır.
Müdafiə naziri
Amerika mətbuatının yazdığına görə, Kotton və Pompeonun adları həm də yeni müdafiə naziri kimi hallanır. Onlarla yanaşı, Florida Nümayəndələr Palatasının üzvü, keçmiş hərbçi Mayk Uolsun adı da bu siyahıdadır.
Xəzinə naziri
ABŞ Nazirlər Kabinetinin ən mühüm postlarından biri olan xəzinə naziri üçün adı çəkilən şəxslər arasında investorlar, keçmiş kabinet üzvləri və iş adamları var. Məşhur investor və Trampın keçid prosesini idarə etmək üçün seçdiyi iki isimdən biri olan Hovard Lutnikin adı Xəzinə Nazirliyi üçün hallanır. Trampa yaxınlığı ilə tanınan Lutnik seçki dövründə yeni prezidentə külli miqdarda ianə ilə diqqət çəkib.
İlk dövründə Trampın kabinetində 4 il ticarət nümayəndəsi vəzifəsində çalışan Robert Liqtizer də bu post üçün adı çəkilənlər arasındadır.
Digər tərəfdən Trampın ilk dövründə Kapital Bazarları Şurasına sədrlik edən Cey Kleyton, o dönəmdə Milli İqtisadiyyat Şurasında da rol alan Larri Kudlou və milyarder investor Con Paulson kimi adlar da siyahıdadır.
Aparat rəhbəri
Amerika mətbuatının iddiasına görə, əvvəllər Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən Kevin Makkartinin Trampın yeni aparat rəhbəri ola biləcəyi deyilir. Bu vəzifə üçün Trampın seçki kampaniyası menecerlərindən olan Susi Vils və prezidentin keçmiş məsləhətçilərindən Bruk Rollinsin də adları çəkilir.
Digər vəzifələr
Seçki kampaniyası dövründə Trampın xeyrinə yarışdan geri çəkilən Robert Kennedinin də Trampın yeni kabinetində yer alacağı bildirilir. Məlumata görə, o, səhiyyə naziri və ya məsləhətçi vəzifələrinə təyin oluna bilər.
Yuta senatoru Mayk Linin adı yeni kabinetdə ədliyyə naziri kimi çəkilir.
İlkin seçki prosesində Trampla yarışan, amma sonra onun lehinə geri çəkilən Vivek Ramasvaminin adı Daxili Təhlükəsizlik Nazirliyi üçün keçir. Qeyd olunur ki, Şimali Dakota qubernatoru Duq Burqum enerji və ya daxili işlər naziri vəzifələrindən birinə təyin oluna bilər.