Bu yaxınlarda Əməkdar artist Lalə Məmmədovanın “Konum at” adlı yeni mahnısı və klipi təqdim olunub. İfanın sözləri, bəstəsi isə sənətçinin pərəstişkarları və digər izləyicilər tərəfdən birmənalı qarşılanmayıb. Mahnının yeni üslubda olması, adda istifadə olunan sözün bizim lüğətimizdə yer almaması geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə bir çoxları belə mahnıları Lalə Məmmədova kimi sənətçiyə yaraşdırmadığını ifadə ediblər.
Ümumiyyətlə, son dövrlər klassik musiqiyə olan maraq getdikcə azalmağa başlayıb. Sanki bəstəkarlarımız da artıq klassik musiqinin sanballı, ağır janrlarından əsərlər yazmağa bir o qədər də həvəs göstəmirlər.
Maraqlıdır, hazırda bəstəkarlarımız daha çox hansı üslubda əsərlər yazır? Niyə yeni əsərlər səslənmir və yaxud eşidə bilmirik?
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Xalq artisti, bəstəkar Faiq Sücəddinov bildirib ki, sanballı mahnılar həmişə var və yazılır:
“Onlar elə sanballı müğənnilər tərəfindən ifa olunur. Bütün bunlar hamısı bir-biri ilə bağlıdır. Samballı deyəndə azərbaycançılığı təbliğ edən gözəl, amma bayağı olmayan parçalardan söhbət gedir. Təbii ki, bu mahnılar səsləndirilməyə davam edir. Amma əfsuslar olsun ki, sayları azlıq təşkil edir.
Müğənnilərə bu barədə nə isə təklif etmək düzgün deyil. Özləri bilər. Sözsüz ki, yaxşı mahnılar oxumaq lazımdır. Bu, həm də ifaçıların musiqi taleyini, karyerasını müəyyənləşdirir. Yaxşı mahnı oxuyan şəxsin sənət keçmişində bir-birindən dəyərli, mənalı mahnılar yer alacaq. Bir də var ki, ifanı səsləndirirsən, elə həmin anda sözləri unudulub gedir. İnsan çörək yeyəndə belə dadlı olanını seçir. Dinlənilə bilən musiqilərə qulaq asmaq, oxuyanda da həmçinin, yaxşı mahnı seçimi etmək lazımdır. Axtarışda olmaq, yaxşı mahnı oxumaq gərəkdir ki, həmin ifalar insanın taleyində çevriliş etsin”.
Bəstəkar “Zəfər Günü” ilə bağlı bir məlumatı da açıqlayıb:
“Sabah vətənimiz, millətimiz üçün önəmli bir gündür, zəfər günüdür. Bu münasibətlə, Filarmoniyada yeni əsərim “Qarabağnamə” Dövlət Simfonik Orkestri, Kapella və Əməkdar artist Ramil Qasımov tərəfindən ilk dəfə səslənəcək. Əsərin sözləri akademik Rafael Hüseynov tərəfindən yazılıb”.