• 15 Noyabr 2024 11:22

Çində böyük “QALMAQAL” – Dövlət məmuru ömürlük həbs edildi

Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çində kripto pullarla bağlı böhran yarandığı iddia olunur.

 

Tacxeber.com Valyuta.az-a istinadən  xəbər verir ki, Çin hökuməti kimliyi yalnız “Vanq” olaraq açıqlanan bir dövlət məmurunu dövlət sirrlərini xarici agentə satmaqda təqsirli bilib və onu casusluq ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib.

 

Rəsmi məlumatlara görə, kripto pul yatırımları nəticəsində böyük miqdarda borca düşən Vanq, gizli məlumatlar qarşılığında rəqəmsal valyuta əməliyyatları vasitəsilə bir milyon yuan məbləğindən çox “casus fondu” əldə edib.

 

Məsələ, maliyyə çətinlikləri içində olan Vanqın yarımştat iş axtarışı üçün onlayn forumda paylaşım etməsi və dövlət məmuru kimi fəaliyyətindən bəhs etməsi ilə başlayıb. Qısa müddət sonra xaricdən bir nəfər ona çalışdığı bölmənin istehsal tapşırıqları və tədqiqat inkişafları haqqında gizli məlumatlar üçün yüksək məbləğdə ödəniş təklif edib. Yüksək təzminat vədi ilə maraqlanan Vanq əvvəlcə tərəddüd etsə də, sonunda məhdud məlumat paylaşmağa razılaşıb. Vaxt keçdikcə yüksək ödənişlərin cazibəsinə qapılaraq daha həssas sənədləri və məlumatları verməyə başlayıb.

 

Çinin milli təhlükəsizlik orqanları Vanqın fəaliyyətlərini aşkar edib və onun rəqəmsal ödənişlər qarşılığında gizli dövlət sənədləri və çox məxfi məlumatlar ötürdüyünü üzə çıxarıb. Aparılan istintaqın ardından Xalq Məhkəməsi Vanqı ömürlük həbs cəzasına məhkum edib və onu siyasi hüquqlarından daimi məhrum edib.

 

Hadisə həmçinin Vanqın işlədiyi bölmədə təhlükəsizlik tədbirlərində ciddi boşluqları da üzə çıxarıb. Rəsmi protokola görə, sənədlərin izlənməsi, qeydiyyatı və təhlükəsiz istifadəsi kimi məxfi məlumatların idarə olunması üçün ciddi prosedurlar tələb olunsa da, orqanlar ciddi nəzarət səhvləri aşkar ediblər. Bildirilir ki, Vanqın rəhbəri gizli sənədləri ona lazımi prosedurları izləmədən təhvil verib və Vanqın həssas materialları nəzarətsiz saxlamasına icazə verib. Vanqın ofisində sonradan aparılan axtarışda düzgün saxlanılmayan sənədlər aşkar edilib.

Tacxeber.com

Oxşar xəbərlər