• 14 Noyabr 2024 18:51

Qazaxda icra başçısını tənqid edən bələdiyyə sədrinin müavini psixiatriya xəstəxanasına salınıb

Həyat yoldaşı: “Necə olur, indiyə qədər dəli deyildi, Rəcəb Babaşovu tənqid eləyəndən sonra dəli oldu?”

 

Qazax rayon Ağköynək-Qarapapaq kənd Bələdiyyəsinin sədr müavini Arzuman Xasməmmədli məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib. 67 yaşlı Arzuman Xasməmmədli noyabrın 7-dən Qazaxdakı Rayonlararası Psixiatriya Xəstəxanasındadır.

 

“O adama vəzifəni etibar eləyəndə baxmırdılar ki, dəlidir, yoxsa yox?”

Bu barədə Meydan TV-yə danışan həyat yoldaşı Zahidə Xasməmmədova hesab edir ki, onu Qazaxın icra başçısı Rəcəb Babaşovu tənqid etdiyinə görə cəzalandırmaq üçün psixiatriya xəstəxanasına salıblar. Arzuman Xasməmmədli bir neçə gün əvvəl internet televiziyalarından birində icra başçısını tənqid edib. Hətta kənddəki problemləri, əhalinin narazılıqlarını dilə gətirdiyinə görə Rəcəb Babaşovun onu hədələdiyini də açıq şəkildə bildirib.

 

Arzuman uzun illərdir bələdiyyə üzvüdür, insanlar ona etimad göstərir. Dörd ildir bələdiyyənin sədr müavinidir. Necə olur, indiyə qədər dəli deyildi, Rəcəb Babaşovu tənqid eləyəndən sonra dəli oldu? İllərdir o adama vəzifəni etibar eləyəndə niyə baxmırdılar ki, dəlidir, yoxsa yox? Ali təhsilli adamdır. Vaxtilə “Göyəzən” komandasında baş məşqçi olub. Teatrda işləyib. Kənd sovetinin sədri işləyib. Heydər Əliyev Mərkəzinin inzibatçısı olub. II qrup müharibə əlilidir. 90-cı illərin əvvəlində 25 nəfərdən ibarət batalyon yaradıb müharibəyə gedənlərdən olub. Məhz son müsahibəsində icra başçısını tənqid eləyəndən bir neçə gün sonra aparıb psixiatriya xəstəxanasına salırlarsa, deməli, səbəbkar da icra başçısıdır”, – Zahidə Xasməmmədova bildirib.

 

“İcra başçısı dedi ki, üzünə 5 nəfəri qoyaram…”

“Youtube”dakı “Qərb Region TV” adlı kanalda Qarapapaq kəndində qəbiristanlığın ətrafında təxminən bir hektar ərazidə zibillərin yayılması, torpaqların zəbt olunmasından bəhs edilir.

Kənd sakinləri bununla əlaqədar narazılıqlarını bildirirlər. Deyirlər ki, kənddə qəbiristanlıq ətrafında, örüş torpaqlarında zibil poliqonu yaranıb. O torpaqlarda otarılan mal-qara zəhərlənib tələf olur, küləkdə zibillər qəbiristanlığa yayılır.

Xanlıqlarla Ağköynək arasında torpaq zəbt olunub. Bələdiyyə də, kənd soveti də bilir ki, kimlər tərəfindən zəbt olunub. O yol bələdiyyənindir, amma gücü çatmır ki, öz torpağını alsın”, – sakinlər narazılıq edir.

 

Kənd sakinlərinin şikayətlərinə münasibət bildirən bələdiyyənin sədr müavini Arzuman Xasməmmədli onların haqlı olduğunu vurğulayıb. O müsahibəsində əlavə edib ki, kənd sakinlərini narahat edən problemləri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun nəzərinə çatdırmağa çalışıb. Əvəzində icra başçısı onun özünü hədələyib:
Deyilənlər doğrudur. Çox təəssüf ki, heç vaxt əhaliyə hesabat verilmir, yığıncaq keçirilmir. Mən özüm də burada səslənən problemlərlə bağlı şikayətlər eləmişəm.
İki həftə əvvəl icra başçısının qəbulunda olanda mənə dedi ki, “sən kimsən? Üzünə beş nəfəri qoyaram, belə eləyərəm, elə eləyərəm”. İcra başçısının razılığı olmadan heç bir addım atmaq mümkün deyil. 37-ci ili xatırladır baş verənlər…”.

 

“Yaşlı adamlarıq, bizim başımıza açılan oyunlara baxın”

Bu material noyabrın 2-də yayımlanıb. Arzuman Xasməmmədli isə sonuncu dəfə evdən noyabrın 7-də çıxıb. Həmin günü həyat yoldaşı Zahidə Xasməmmədova belə xatırlayır:

“Eşitdiyimizə görə, icra başçısının müavini vasitəsilə həkimə göstəriş veriblər ki, kağız yazsın, əgər könüllü gəlməsə, polis vasitəsilə zorla gətiriləcək. Yoldaşım o kağızı görəndə deyib ki, bu nədi? Getməyib. Polis yoldaşımı çağırdı. Gördüm ki, narahatdı. Yeməyini yedi, çıxdı. Dedi ki, məni polis çağırıb. Mən də narahat qaldım. İki-üç saat keçdi, bacısı zəng eləyib soruşdu ki, Arzuman hanı? Dedim ki, polis çağırıb. Dedi ki, nə polis, mənə xəbər veriblər ki, Arzuman dəlixanadadı. Tez geyinib getdim. Bildirdilər ki, məhkəməyə aparıblar. 2-3 saat dayandıq, məhkəmə keçirmədilər, qaytardılar psixiatriya xəstəxanasına. Yaşlı adamlarıq, bizim başımıza açılan oyunlara baxın…”.

 

Zahidə Xasməmmədova əlavə edib ki, həyat yoldaşının psixi xəstə olması haqda, ətrafdakılar üçün təhlükə yaratması və bu üzdən xəstəxanaya yerləşdirilməsi haqda iddialar yalandır:

“Biz 40 ildir evliyik, 4 qızımız var, hamısı da ali təhsillidir. Nəvələrimiz var. İndiyədək kiməsə ziyan veribmi? İcra nümayəndəsi qonşularımızdan yoldaşımın əleyhinə ərizə almaq istəyib, heç kim razılaşmayıb. Arzuman aylardır bələdiyyədən maaş almır. Bilirsiniz onu niyə istəmirlər? Çünki düzünü deyir, əyriliyə göz yummur. Onu dəlixanaya salıb, öz işlərini rahat görsünlər. Kasıba yardım adı ilə bələdiyyənin pullarını kimin qohumların paylayırlar, özləri yaxşı bilirlər”.

 

Qazax Rayonlararası Psixiatriya Xəstəxanasından Arzuman Xasməmmədlinin orada olduğunu Meydan TV-yə təsdiqləsələr də, əlavə məlumat verilməyib:

“Xəstələr haqqında əlavə məlumat verməyə ixtiyarımız yoxdur”.

Ölkədə qeyri-iş günü olduğuna görə deyilənlərə Qazax Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. (Meydan.tv)

Tacxeber.com

 

Oxşar xəbərlər