• 23 Noyabr 2024 21:46

Səməd Seyidov: “Bu gün siyasətin də içərisində tullantılar çoxdur”

“Azərbaycana qarşı COP29-dan istifadə edərək təzyiqlərin edilməsi, qeyri-obyektiv münasibətin bəslənməsi, faktiki dünyanı narahat edən problemin bəzi ölkələr, şəxslər, təşkilatlar tərəfindən boykota çağırılması ekoloji problem siyasətinin içərisində çirkab tendensiyaların mövcudluğuna dəlalət edir”.

 

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

 

O bildirib ki, COP29 dünyanın ən vacib tədbiridir:

 

“Dünya təhlükə içərisindədir. İqlim dəyişikliyinin şahidiyik. Birləşmiş Millətlər Təşkilatının konfransını Azərbaycanda keçirmək özü özlüyündə çox vacib və əhəmiyyətlidir. Mənim aləmimdə isə söhbət yalnız iqlimdən getmir. Mən siyasətçiyəm və hesab edirəm ki, bu gün siyasətin də içərisində tullantılar çoxdur. Siyasət də təmizlənməlidir. Siyasətin də ekoloji problemləri var.

 

Azərbaycan bunu əyani şəkildə öz üzərində hiss edir. Azərbaycana qarşı bu konfransdan istifadə edərək təzyiqlərin həyata keçirilməsi, qeyri-obyektiv münasibətin bəslənməsi faktiki dünyanı narahat edən problemin bəzi ölkələr, şəxslər, təşkilatlar tərəfindən boykota çağırılması ekoloji siyasətin içərisində çirkab tendensiyaların mövcudluğuna dəlalət edir”.

 

Sədr vurğulayıb ki, bu səbəbdən hazırda iqlim dəyişikliyi yalnız təbiətdə yox, siyasətdədir:

 

“Biz bunu görürük. COP29-un keçirilməsi həm iqlimə köməklik edəcək, həm də Azərbaycana qarşı işləyən qüvvələrə bir cavab olacaq. Onlar görür ki, məkrli planları reallaşmır. Dünya ictimaiyyəti sağlamlığı, əmin-amanlığı, əməkdaşlığı seçir, yalana, böhtana, populizmə, ikili standartlara yox deyir”.

Tacxeber.com

Oxşar xəbərlər