• 24 Noyabr 2024 05:13

Trampdan Bakıdan müsbət qarşılanmayacaq təyinat

ABŞ mediasında Trampın dövlət katibi vəzifəsinə senator Marko Rubionu təyin edəcəyi barədə xəbərlər artır.

 

53 yaşlı Rubio Kuba əsillidir və 2011-ci ildən bəri ABŞ Senatında Floridanı təmsil edir.

Bu təyinat (əgər gerçəkləşərsə) yəqin ki, Bakıda müsbət qarşılanmayacaq. İki səbəbdən: birincisi, Rubio Azərbaycandakı hüquq pozuntularını, siyasi motivli həbsləri diqqətdə saxlayır, vaxtaşırı bu problemlərə münasibət bildirir. İkincisi, Rubio son illər Senatda erməni lobbilərinin maraqlarına və tələblərinə uyğun mövqe tutur.

Rubio ötən dövrdə Leyla Yunus, Xədicə İsmayıl, Əfqan Muxtarlı, Mehman Hüseynov, Mehman Əliyev, hətta islamçı Mövsüm Səmədovun həbslərinə dair dəfələrlə açıqlamalar yayıb. O, M.Əliyev həbs olunarkən sanksiya təşəbbüsü ilə çıxış edib və bundan çox qısa müddət sonra “Turan”ın direktoru azadlığa buraxılıb. Son həbslərə gəldikdə isə M.Rubio Qubad İbadoğlunun məsələsinə xüsusi diqqət göstərib. Senator X sosial platformasında bu barədə 2 paylaşım edib.

Birinci paylaşım: “Azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğluna qarşı əsassız cinayət ittihamı irəli sürülüb və o, tibbi yardımdan məhrum edilib. Cənab İbadoğlunun yeganə “günahı” həqiqəti söyləmək olub. O, dərhal azad edilməlidir”.

İkinci paylaşım: “Azərbaycanın müxalifət liderlərindən birinin, dr. Qubad İbadoğlunun uzun təqibdən sonra həbs edilməsindən 250 gün keçir. Onun yeganə cinayəti firavan və demokratik bir millət ugrunda apardıgı işlər olub”.

M.Rubio bir neçə dəfə Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlara qarşı çıxıb və administrasiyanı Azərbaycana maliyyə yardımını kəsməyə çağırıb.

Rubio beynəlxalq məsələlərə münasibətdə uzun müddət respublikaçıların ənənəvi qanadının vizyonunu bölüşsə də, son illər öz mövqeyini Trampın baxışlarına uyğunlaşdırıb. (Respublikaçılar içərisində öz vəzifəsini və rolunu qorumaq, Trampın hökumətində yer tutmaq istəyənlər üçün başqa yol yoxdur.)

Rubio hər zaman Rusiyaya qarşı sərt siyasətin tərəfdarı olub və bu ölkəyə qarşı sanksiyaların tətbiqi barədə qanun təşəbbüsləri ilə çıxış edib. O, dəfələrlə Putini quldur və başkəsən adlandırıb. Lakin Tramp kimi o da Ukraynada müharibənin tezliklə dayandırılmasına, Ukraynaya yardım məsələsində Avropanın öz üzərinə daha çox məsuliyyət götürməsinə tərəfdardır.

Tramp/Rubio dövründə ABŞ xarici siyasətinin prioritet istiqaməti şübhəsiz ki, Hind-Sakit okean regionu olacaq, Çinə qarşı siyasət sərtləşdiriləcək. Orta Şərqdə İrana, Karib hövzəsində isə Kuba, Venesuela, Nikaraqua rejimlərinə qarşı təzyiqlər artırılacaq. (Nikaraqua demişkən, SSRİ dövründə, biz uşaq ikən, “Vremya”da hər gün Daniel Orteqanı göstərirdilər. Bu şəxs hələ də hakimiyyətdədir.

Prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə isə Nümayəndələr Palatasının Floridadan olan üzvü Maykl Uoltsun (Michael Waltz) təyin ediləcəyi bildirilir. M.Uolts ABŞ ordusunun Xüsusi Təyinatlı Qüvvələrində (yaşıl beretlilər) xidmət edib və istefada olan podpolkovnikdir. O, kiçik Buşun neokonların ağırlıqda olduğu administrasiyasında vitse-prezident Dik Çeyninin köməkçisi olub, müdafiə nazirləri Donald Ramsfeld və Roberts Geytsin dövründə Pentaqonda çalışıb. M.Uolts Çini ABŞ üçün əsas təhdid hesab edir və bu ölkəyə qarşı mümkün olan ən sərt siyasətin tərəfdarıdır. Ukraynada müharibənin ilk mərhələlərində Uolts Kiyevə səfər edərək Zelenski ilə görüşüb. O, Bayden administrasiyasını Rusiya ərazisinə zərbə endirmək üçün Ukraynaya müvafiq raketlərin verilməsinə çağırıb. Lakin son aylar Uolts da qaçılmaz olaraq bu məsələdə Trampla eyni mövqedən çıxış edir, Ukraynada müharibəni tezliklə dayandırmağın və Avropanın xərcləri öz boynuna götürməsinin vacibliyini vurğulayır.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər