• 14 Noyabr 2024 22:27

COP29-a görə həbsdəki abzasçıların ailə ilə telefon danışıqları 2 dəqiqəyə endirilib

Sevinc Vaqifqızı bununla bağlı anasına məlumat verəndə telefon danışığı kəsilib.

 

Bakıda keçirilən BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a görə “Abzas Media”nın həbs olunan əməkdaşlarına məhdudiyyət tətbiq olunub.

 

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) bununla bağlı anası Ofeliya Məhərrəmovaya məlumat verəndə telefon danışığı yarıda kəsilib.

 

“COP29-a görə ailə ilə telefon danışıqlarımızı 2 dəqiqəyə endiriblər. Deyirlər ki, ailəniz bilsin sağ-salamatsınız, bəsdir. Saat 2-də telefon danışıqları da dayandırılacaq. Açıq görüşlər ümumiyyətlə ləğv edilib. Həbsxanada TV-də xarici kanalların hamısını siliblər”, – Sevinc Vaqifqızı fikrini tamamlamamış zəng yarıda kəsilib.

 

Bundan əvvəl də əksər abzasçılar COP29-a görə öz məhkəmələrində iştirak edə bilməyiblər. Onlar saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasından prosesə online qoşulublar. Qeyri-iş günü olduğu üçün Pentensiar Xidmətdən açıqlama almaq mümkün olmayıb.

 

“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli qərarın 13.1-ci maddəsində qeyd olunur ki, həbs edilmiş şəxs istintaq təcridxanasına gətirildikdən sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə, sonradan isə həftədə iki dəfə 15 dəqiqəyədək müddətinə telefonla danışmaq hüququna malikdirlər.

 

13.3. Müdafiəçisi ilə telefon danışıqları istisna olmaqla, həbs edilmiş şəxsin telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya istintaq təcridxanasında rejimi təmin etmək zərurəti yarandıqda, istintaq təcridxanasının müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər.

 

Qanunun tələblərindən də aydın olur ki, COP29-a görə hansısa məhdudiyyətlərin tətbiqi qanunsuzdur.

 

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə reportyor Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

 

İyunun 1-də həbs olunan Fərid Mehralızadə də “Abzas Media işi” üzrə istintaqa cəlb olunub. Ancaq özü bu media orqanı ilə əlaqələrini inkar edir. “Abzas Media” redaksiyası da yaydığı bəyanatda iqtisadçı ilə heç bir əməkdaşlığın olmadığını açıqlayıb.

 

Daha sonra “Abzas Media işi” üzrə həbs olunanlara qarşı yeddi əlavə maddə ilə daha ağır ittihamlar irəli sürülüb. İndi onlar Azərbaycan Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 320.1 və 320.2-ci (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə), həmçinin 213.2.1-ci (qrup şəklində vergidən yayınma) maddələri ilə ittiham olunurlar.

 

Bu ittihamlarla onları əvvəlki kimi 8 ilədək deyil, 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Jurnalistlər bütün ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Tacxeber.com

Oxşar xəbərlər