• 25 Noyabr 2024 01:33

Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…

İran Prezidenti Məsud Pezeşkianın Bakıda keçirilən COP29 sammitinə qatılacağı haqda rəsmi açıqlama 4 noyabrda verilmişdi və İranın Bakıdakı səfirliyi bu məlumatı təsdiqləmişdi. Lakin COP29 konfransının başlanmasına iki gün qalmış Pezeşkianın tədbirdə iştirak etməyəcəyi barədə İranın SEPAH-a yaxın mediası məlumat yaymağa başladı.

 

Məlumatda Pezeşkianın səfərdən imtina etməsinin səbəbi kimi İsrail nümayəndə heyətinin tədbirə qatılması göstərildi. Belə çıxırdı ki, İsrail COP29-da iştirak etməsəydi, İran bu tədbirə prezident səviyyəsində qatılacaqdı.

 

Maraqlıdır ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani də məhz İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran Prezidenti Məsud Pezeşkianın Bakıya gəlmədiyini bildirdi: “Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edirlər. Rəsmilərin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”.

 

Məhz bu açıqlama da Azərbaycan ictimaiyyətində ciddi etiraz yaratdı.

 

Əvvəla, “rəsmilərin sammitlərdə iştirak səviyyəsi və əhəmiyyəti” məsələsinə toxunaq. Bakıda keçirilən COP29-un Liderlər Sammitinə 50 prezident, 20 baş nazir (o cümlədən 10 vitse-prezident və 2 vəliəhd) qatılmışdı. Sammitə qatılan prezident və baş nazirlərin nadir istisna ilə hamısı öz dövlətinin birbaşa lideridir. Pezeşkianın isə konstitusion səlahiyyəti “dövlət başçısı” statusuna uyğun gəlmir, hətta hökumət başçısı kimi də geniş səlahiyyətlərə malik deyil. Əgər sammitə qatılmaq “digər ölkələrin iştirak səviyyəsinə” uyğun seçilirsə, Pezeşkian qatılacağı halda səlahiyyət baxımından həmkarları içərisində “ən səlahiyyətsizi” olacaqdı. Başqa sözlə desək, iştirak səviyyəsi Pezeşkianın “səlahiyyət səviyyəsindən” qat-qat yuxarıda idi.

 

İkincisi, həqiqətən də İran İsrailə görə COP28-də də iştirakını ləğv etmişdi – həm də qalmaqallı şəkildə. Amma heç onda da prezident seviyyəsində iştirak etməyi düşünmürdü. Belə ki, İran COP28-ə də energetika naziri səviyyəsində qatılmışdı, ovaxtkı Prezident Rəisi konfransdan imtina etmişdi. İranın energetika naziri Əli Əkbər Mehrabian Dubaya çatandan sonra məlum olmuşdu ki, İsrail prezidentinin başçılıq etdiyi nümayəndə heyəti artıq konfransa gəlib. Mehrabian bundan sonra konfransa qatılmaqdan imtina etmişdi və bunu belə əsaslandırmışdı ki, ona İsrail tərəfinin tədbirdə olmayacağını deyiblərmiş.

 

Azərbaycanda isə vəziyyət tam dyişdi. Rəsmi Bakı cənub qonşusu üçün bütün lazımi şəraiti yaratdı və əvvəlcədən elan edildi ki, İsrail Prezidenti Hersoqun başçılıq etdiyi və 3 nazirin də qatılacağı 100-dən artıq nümayəndə heyəti Bakıya “COP29 tədbirlərinin ikinci həftəsində” səfər edəcək.

 

Bu, əvvəlcədən razılaşdırılmış proqrama bənzəyirdi: COP28 insidentinin təkrarlanmaması üçün İsrail son dərəcə vacib gediş etmiş və Liderlər Sammitində iştirak etməməklə Bakının təşkilatçılığına dəstək göstərmişdi.

Beləliklə, Azərbaycan öz qonşusu İranın prezidentinə Liderlər Sammitində rahat iştirak imkanı tanımışdı. Pezeşkian Azərbaycana gələcəyi halda burda hər hansı İsrail nümayəndəsi ilə qarşılaşmaq perspektivi yox idi. Həmçinin İran Bakının təşkilatçılıq etdiyi COP29-a məxsusi dəstək verə bilərdi – ən azı ona görə ki, Qərbdə bəziləri BMT-nin bu konfransının “urvatsız” olması üçün dəridən-qabıqdan çıxırdı. Qərb də İranın “düşməni” deyilmi? Onda Bakıya gəlməklə ikitərəfli uduş əldə edə bilərdi.

 

Azərbaycanın bu xoş mesajını İran nəinki düzgün qiymətləndirdi, əksinə, Qərbdəki bəzi antiazərbaycanlı qüvvələrin puç olmuş təbliğatına qoşulub, dolayısı ilə COP29-un Liderlər Sammitinin “səviyyəsini qiymətləndirmə” – Bakıya “sözatma” cəsarətinə girişdi.

İran 30 ildə Ermənistana dəstək vermək və 2020-ci il 44 günlük savaşda və ondan sonra İrəvanın yanında yer almaqla, ən sonda isə elə bir neçə gün öncə başa çatan ABŞ prezident seçkilərində demokratlara (Kamala Harrisə) stavka etməklə necə yanlış strategiya seçmişdisə, eynisini təkrarladı, Azərbaycanın yaratdığı misilsiz şansdan istifadə etmədi, Pezeşkianın gəlişi ilə azərbaycanlıların Tehrana və İrana baxışında müsbət mənada dönüş etmə fürsətini əldən qaçırdı.

 

Ona görə İsrail – Prezident Hersoq səviyyəsində, 3 nazir və 100-dən çox yüksək səviyyəli nümayəndə ilə COP29-un ikinci həftəsində gəlib, Azərbaycanla münasibətləri bir növbəti üst mərhələyə qaldırmağa başlayanda Tehran gərəkdir ki, öz əmmaməsini qabağına qoyub fikirləşsin. Amma bu da inandırıcı deyil. Çünki Tehran hətta fikirləşmək üçün belə əmmaməni başından çıxarmaq istəmir – təəssüf ki! Tehrandakı bəzi rəsmilər, çox güman ki, Hersoq Bakıda olarkən təhdidvari fikirlər səsləndirməyə kökləniblər.

 

Nə sirdirsə, bu “islam respublikası” hər zaman islam ölkələrində qalmaqal yaradıb, islam-müsəlman ölkələri ilə konfliktdə yaşamaq siyasəti yürüdür.

Tacxeber.com

Oxşar xəbərlər