• 23 Noyabr 2024 02:57

Gəncədə dələduz polis serjantının hoqqaları – Özünü general kimi qələmə verdi

20-yə yaxın vətəndaşdan külli miqdardan pul alaraq, onları Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrə düzəldəcəyini vəd verən polis serjantına hökm oxunub. 

 Gəncə şəhəri, Nizami rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, polis serjantı vəzifəsində işləmiş Tacəddin adlı şəxsə qarşı qaldırılan cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Araşdırma zamanı məlum olub ki, polis serjantı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan şəxsin cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, eləcə də cinayət işinə xitam verilməsi ilə bağlı təsir etmək imkanına malik olduğuna inandırıb, 13 min pulunu alıb.

O, qohumuna da geniş əlaqələrinin olmasını və bu əlaqələrindən istifadə edərək onu Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu vəd edərək 2021-ci ilin fevral ayında Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının yaxınlığına 6500 manat pul alıb.

Bundan başqa o, daha bir nəfərdən daxili işlər orqanlarına müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin aprel ayının əvvələrində 7800 manat pul alıb.

Təqsirləndirilən şəxs Mikayıl Salmanovun DİN-də müvafiq vəzifəyə təyin edilməsi üçün 2021-ci ilin iyul ayının əvvəllərində Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Gəncə Mall”ın qarşısında 10 000, Abbasqulu Salmanovun Daxili İşlər Nazirliyinin Gəncə Regional Mühafizə Polisi İdarəsinə vəzifəyə təyin edilməsi 17 iyul 2021-cü il tarixdə 4000 manat, Ülvi Aslanovun daxili işlər orqanlarına müvafiq vəzifəyə təyin edilməsilə adı ilə 2021-ci iln avqust ayının əvvəlində Göygöl rayon Üçtəpə kəndində 8000 manat pulunu ələ keçirib.

O, həmçinin daha bir nəfərdən 3 min manat almaqla Gəncə şəhər Nizami rayon Polis İdarəsinin post-patrul xidmətinə müvafiq vəzifəyə təyin ediləcəyini deyib. Polis serjantı bundan başqa əminlik və inam yaratmaq üçün aldatdığı bir neçə nəfərə də Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general kimi təqdim edib. Həmçinin bir neçə nəfərə də zəng edərək guya DİN-nin Xüsusi Təyinat Bölüyünə işə düzəlməyinə köməklik edəcəyinə dair söz verib.

Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları müvafiq qaydada sübuta yetirilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7,6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Qərara əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. /Qafqazinfo

Tacxeber.az

Oxşar xəbərlər