• 27 Noyabr 2024 18:32

Ukraynaya Rusiyanın dərinlərinə vurmağa icazə verilməsi döyüşün trayektoriyasını dəyişə bilərmi?

Bu payız cəbhə xəttində Ukraynanın durumu özəlliklə ağırdır. Müttəfiqi Şimali Koreyanın cəbhə xəttinə minlərlə əsgərini göndərməsi sayəsində Rusiya Ukraynanın şərqindəki əraziləri son 2 il yarım ərzində olduğundan daha sürətlə işğal edir.

 

Rusiya ilə savaşda Ukraynanın ən böyük dəstəkçisi ABŞ-da yeni prezident seçilən Donald Tramp bu ölkəyə genişmiqyaslı yardımı tənqid edib. Bu, ABŞ-ın Ukraynaya dəstəyinin dayandırılması və sülh müqabilində Kiyevin Rusiyaya ərazi güzəştlərinə getməli olmasına dair qorxuları artırıb. Ukraynanın Avropa tərəfdaşlarının yarana biləcək boşluğu doldurmaq üçün həddən çox parçalanmış olması da təlaşlandırır.

 

Kremlə mesaj

Qarşıdan amansız qış və Rusiyanın yeni əkshücumu gözlənilir. Ukrayna özünün ən böyük hərbi istəklərindən birini almış kimi görünür. ABŞ mediasının yaydığı xəbərə görə, prezident Co Bayden administrasiyası, nəhayət, Kiyevin ABŞ istehsalı olan uzunmənzilli silahlarla Rusiya ərazisini vurmasına icazə verib.

“Bu, Kremlə mesajdır. Yəni biz çadırlarımızı yığıb Trampı gözləmirik və ABŞ bu işdən əl çəkməyib”, – 2014-2017-ci illərdə Avropadakı ABŞ Silahlı Qüvvələrinin komandanı, istefada olan general-leytenant Ben Hoces AzadlıqRadiosuna belə deyib.

 

AzadlıqRadiosunun müxbiri Todd Prinsin hazırladığı yazıda deyilir ki, ABŞ-ın bu addımı Britaniya və Fransanın da eyni qərarı verməsinə qapı açır. Bu, müharibənin bu kritik anında Ukraynaya Rusiyaya zərbə endirmək imkanı verə bilər. Ukrayna Rusiyanın Kursk bölgəsində ələ keçirdiyi əraziləri əlində saxlamağa çalışır. Bu ərazilər gələcək danışıqlarda vacib amil ola bilər.

Kiyev aylardır ki, Bayden administrasiyasından Rusiyanın bombardmançı və qırıcı təyyarələrinin saxlandığı hava bazalarını məhv etmək üçün icazə istəyir.

Bu il Ukrayna prezidenti Volodımır Zelenski deyib ki, Rusiya hər ay Ukraynaya 3 minədək güdümlü bombalar atır. Bu bombalar Ukrayna əsgərlərini öldürüb, ölkə infrastrukturunu məhv edib və Moskvanın Ukrayna ərazilərini işğal edə bilməsinə şərait yaradıb.

 

"Storm Shadow" qanadlı raketi Paris Aviasiya Sərgisində.
“Storm Shadow” qanadlı raketi Paris Aviasiya Sərgisində.

Trampın sözü

Müharibənin başlanmasından bəri Ukraynanı güclü silah sistemləri ilə təchiz etməkdən çəkinən Bayden administrasiyası daha öncə Rusiyanın müharibəni eskalasiya edəcəyindən ehtiyatlandığından Kiyevin xahişini rədd edib. Administrasiya Britaniyanın da uzunmənzilli zərbələrə icazə verməsinin qarşısını alıb. Britaniyanın “Storm Shadow” adlı qanadlı raketlərinin istehsalında ABŞ-da istehsal olunan hissələrdən istifadə edilir.

Bəzi ekspertlər deyirlər ki, Bayden administrasiyası qorxurmuş ki, Trampın seçki komandası bu icazədən seçkilər öncəsində müharibənin böyüyəcəyinə dair qorxu yaymaq üçün yararlanar. Tramp seçki kampaniyası boyunca hakimiyyətə gəlincə savaşı sonlandıracağına söz verib.

 

Ağ evin Rusiya ərazisinin içərilərinə zərbələr endirilməsinə icazə vermək qərarı Rusiyanın Ukraynaya 210 raket və dron zərbəsi endirməsindən bir gün sonraya təsadüf edir. Bu, Rusiyanın 2022-ci ilin fevralında başlatdığı tammiqyaslı savaşda gerçəkləşdirilən ən böyük hava hücumudur.

Üstəlik, Rusiyanın Kursku geri almaq üçün 50 min əsgər gətirdiyi, onların arasında minlərlə şimali koreyalı əsgərin də olduğu bildirilir. Hərbi təhlilçilər Putinin danışıqlarda öz mövqeyini gücləndirmək üçün Trampın vəzifələrinin icrasına başlamasından öncə Kurska tam nəzarəti geri qaytarmaq istədiyini deyirlər.

Rusiyanın içərilərinə zərbə icazəsinin döyüş meydanındakı təsirləri Ukraynaya neçə ATACMS və digər uzunmənzilli raketlərin verilməsindən və onların istifadəsi üçün hansı məhdudiyyətlərin qoyulacağından asılı olacaq. ATACMS raketləri maksimum 300 kilometr mənzillidir.

Pentaqonun tərəddüdü

Bayden administrasiyasının sözügedən qərarının ardınca, Fransanın gündəlik “Le Figaro” qəzeti yazıb ki, Britaniya və Fransa da Ukraynanın “Storm Shadow” və SCALP raketlərindən Rusiya ərazisini vurmaq üçün istifadə etməsinə icazəsi verəcəklərini deyib. Beləcə, bu vaxtadək öz “Taurus” raketlərini Ukraynaya verməkdən imtina edən Almaniyanın üzərinə bəlli basqı yaranacaq.

ATACMS haqda çox yazan kanadalı müdafiə təhlilçisi Kolbi Badhvar deyir ki, ötən ilin dekabrında ABŞ-ın arsenalında 2 min 400-dək uzunmənzilli raket olub və bunların təxminən yarısının müddəti keçib. O deyir ki, son bir il ərzində anbarlara 500-dən çox ATACMS əlavə edilib. Ancaq Badhvar Pentaqonun bu raketləri çox sayda verməyə tərəddüd etməsinə də diqqət çəkir.

 

İstefada olan general-leytenant Hocesdeyir ki, Ukrayna yetərincə raketlə təchiz edilsə, Rusiyanın Kurskdakı mövcud əkshücumunun önü kəsilə bilər.

Bu il ABŞ-ın Ukraynaya ATACMS-lardan Rusiya ərazisinə zərbə endirməyə icazə verəcəyinə dair şayiələr yayılarkən, Kreml öz hərbi aktivlərinin bir hissəsini bu raketlərin diapazon dairəsindən uzaqlaşdırmağa başlamışdı.

Badhvarpaylaşdığı bir tvitdə bildirib ki, Rusiyanın hələ də bu raketlərin zərbə diapazonunda yerləşən çox sayda hərbi obyekti var.

 

Ancaq hətta uğurlu ATACMS zərbələri belə Ukraynanın döyüş meydanındakı əsas problemini – insan gücü məsələsini çözə bilməyəcək.

Çağırış prosesinə gec başlayan Ukrayna indi Rusiya qoşunlarının davamlı hücumlarını dəf etmək üçün yetərincə insan cəlb edib hazırlamaqda çətinlik çəkir. Rusiya gündə Ukraynadan çox – 1500-dək canlı qüvvə itirsə də, Kreml hələ də öz sıralarını yeniləyə bilir.  (Azadliq,org)

Tacxeber.com

Oxşar xəbərlər