• 24 Noyabr 2024 20:26

“Rusiyanın Ukraynanı dünya xəritəsindən silmək cəhdləri iflasa uğrayıb” – Bayden

“Sovet hökuməti tərəfindən qəsdən və zorən törədilmiş kütləvi aclıq nəticəsində 7 milyon ukraynalı həlak olub…”

Sovet İttifaqının törətdiyi Qolodomora rəğmən, Ukrayna sağ qalıb və müstəqil dövlət qurub.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bəyan edib. Bəyanatı “rbc.ua” nəşri yayıb.

 

“91 il öncə İosif Stalin və sovet rejiminin törətdiyi Qolodomor, zorən və qəsdən törədilən aclıq nəticəsində milyonlarla ukraynalı həlak olub. Qolodomoru yaşamış insanların və onların nəsillərinin xatirəsini yad edirik. Onlar Stalinin Ukraynanın milli identikliyinin qarşısının alınması səylərinə rəğmən, azad, müstəqil və demokratik Ukrayna qura bilib”, – Bayden bəyan edib.

 

Ağ Ev rəhbəri Birləşmiş Ştatların Ukraynaya “çətin anlarda dəstəyinə” sadiqliyini təsdiq edib.

“Üç ilə yaxındır ki, Rusiya Ukrayna xalqına qarşı qəddar müharibə apararaq Ukraynanı dünya xəritəsindən silməyə cəhd göstərir. Bu səylərində Rusiya uğursuzluğa düçar olub. Kiyev azaddır, bu, qismən  Birləşmiş Ştatlar və 50-dən çox ölkənin Ukraynaya müdafiə olunması üçün göstərdiyi yardımın nəticəsi sayəsində mümkün olub”, – Bayden bəyan edib.

O, vurğulayıb ki, ABŞ ukraynalıların keçmişinin xatirəsini əziz tutur, bu gün də onlara dəstək göstərir.

 

“Bu gün biz Ukraynanın öz azadlığı, ədalətə can atması və özü üçün seçdiyi Avroatlantika gələcəyinə aparan yolun müdafiəsinə sədaqətimizi təsdiq edirik. Ukrayna xalqının igidliyi və gücü zəfər çalacaq”, – Bayden bəyan edib.

1932-1933-cü illərin Qolodomoru (kütləvi aclıq-red.) Ukrayna SSRİ-nin kənd yerlərində milyonlarla insan qurbanına səbəb olmuş kütləvi aclıqdır. Qolodomor Muzeyinin saytında qeyd edilir ki, həmin illərdə aclıqdan ölənlərin ümumi sayı 7 milyon nəfərə çatıb.

Qolodomor SSRİ hökuməti tərəfindən Ukrayna xalqına qarşı törədilən soyqırım aktı kimi qəbul edilir. Qolodomor qurbanlarının xatirəsi  noyabrın dördüncü şənbə günü yad edilir.

 

2016-cı ildə Ukrayna Ali Radası 1932-1933-cü illərin Qolodomorunun Ukrayna xalqına qarşı soyqırım aktı kimi tanınması xahişi ilə demokratik dövlətlərə müraciət edib.

 

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsi başlamazdan öncə bir sıra dövlətlər, o cümlədən Avstraliya, Gürcüstan, Ekvador, Estoniya, Kanada, Kolumbiya, Latviya, Litva, Meksika, Paraqvay, Peru, Polşa, ABŞ, Macarıstan, Portuqaliya və hətta Vatikan Qolodomoru ukraynalılara qarşı soyqırım aktı kimi tanıyıb.

 

2022-2023-cü illərdə Qolodomoru Çexiya, Belçika, Moldova, İrlandiya, Almaniya, İslandiya, Fransa, Sloveniya, Böyük Britaniya, Lüksemburq, Xorvatiya, İtaliya, Uels, İsveçrə, habelə Avropa Parlamenti və AŞPA tanıyıb.

Tacxeber.com

Oxşar xəbərlər