• 23 Noyabr 2024 06:44

“Öz səngər yoldaşının yox, icra başçısının marağını güdür” – Şok açıqlama

Qarabağ qazisi Rey Kərimoğlu ilə müsahibə: 

– Rey müəllim, Azərbaycanda müharibə əlilləri və şəhid ailələri hazırda ən çox hansı problemlərdən əziyyət çəkir?

– Problem əsasən iki istiqamətdə yaşanır. Əlillik dərəcəsi alınana qədər yaşananlar ilkin mərhələyə aid olan problemlərdir. İkinci problem isə icra hakimiyyətləri tərəfindən laqeyd münasibətin davam etməsidir. Təəssüflər olsun ki, cənab Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və qazilərə dəstək məqsədilə yaradılan “YAŞAT” fondu işini layiqincə qura bilmir. Sabirabadda Elvinin, Samuxda Təbrizin özünü yandırması qazilərə qarşı diqqətsizliyin və haqsızlıqların nəticəsidir. Təbii ki, problemlər yalnız bunlarla bitmir. Müxtəlif nazirlik və dövlət qurumları da bu siyahıya daxildir.

– Problemlərin içərisində ən qabarıq olanı hansıdır?

– İcra başçıları onalrın sözü ilə oturub-duran qazini nümayəndə təyin edir. Nümayəndə isə səngər yoldaşlarının yox, icra başçısının maraqlarını güdür. Əminliklə deyə bilərəm ki, icra hakimiyyətlərinin 90 faizində vəziyyət belədir. Təklifim icra hakimiyyətində çalışacaq şəxsin şəhər qazilərinin, şəhid ailələri və veteranların razılığı ilə seçilməsidir.

Əvvəllər şəhid və qazi ailələri, veteranlar hər bir ödənişdən azad idi. Notariuslar özəl olduğuna görə bəzən hansısa sənədin təsdiq olunması üçün 40-50 manat ödəniş tələb edilir. Fikrimcə, sözügedən təbəqə həmin ödənişlərdən azad olunmalıdır.

Qarabağ Qazilər İctimai Birliyinin 2014-cü ildə prezidentə müraciəti olmuşdu. Müraciətdə şəhid və qazi övladlarının ödənişsiz təhsil alması məsələsi yer alırdı. 2014-cü il mart ayının 8-i prezidentin fərmanı ilə şəhid və qazi övladlarının dövlət hesabına təhsil almasına qərar verildi. Universitetə sənədlərini təqdim edən şəhid və ya qazinin övladı, nazirlər kabinetinin qərarı ilə ödənişsiz təhsil haqqına sahib olur. Bütün ödənişlər tamamilə dövlət hesabına təmin olunur.

– Təkliflər çoxdur, hətta sözügedən kateqoriyanın kommunal xərclərdən azad olunmasını təklif edənlər də var. Siz bu barədə nə düşünürsünüz?

– 2001-ci ilə qədər həmin şəxslərin kommunal azadlıqları var idi. Bu gün həmin azadlıqların əvəzinə veteranlara 80 AZN verilir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən şəhid və qazi ailələrinə təqaüd ayrılıb. Bu kateqoriyaya aid olan insanlar kommunal xərclərdən azad olunmalıdır. Heç olmasa, limit verilməlidir. Müxtəlif bayram şənlikləri həmin şəxslər üçün pulsuz olmalıdır.

– Problemlərin həll olunması ilə bağlı dövlət qurumlarına təkliflərinizi vermisinizmi?

– Qəbul edilmiş qərarlar Qarabağ döyüşündə – yəni 90-cı illərdə döyüşənlərə şamil olunur. Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi döyüşləri zamanı yaralananlar və şəhid olanlar üçün yeni qərar qəbul edilməlidir. Ümumiyyətlə, qanunvercilikdə bir sıra məsələlərdə boşluqlar var. Və həmin boşluqlardır ki, damla-damla yığılaraq böyük problemə çevrilir.

Məsələ ilə bağlı Milli Məclisə və dövlət strukturlarına təkliflərimizi vermişik. Təkliflərimizin zaman-zaman yerinə yetirilməsi sevindirici haldır. Yeni yaranmış problemlərlə bağlı Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Milli Məclisə müraciət etmişik. Payız sessiyasında Milli Məclisin sədri Sahibə Qafarovanın razılığı ilə Əmək və sosial-siyasət komissiyasında məsələ müzakirəyə çıxarılacaq.

Digər təklifimiz isə odur ki, həmin şəxslərin övladları dövlət qulluğuna imtahandan kənar işə götürülsün. Bunun üçün komissiya yaratmaq olar. Türkiyəni nümunə götürə bilərik. Belə ki, Türkiyədə bir şəhid ailəsindən iki nəfər dövlət qulluğuna işə götürülə bilər.

Müharibədə əlil olan hərbi qulluqçunun təqaüdü dünyasını dəyişdikdən sonra dayandırılır. Həmin təqaüd həyat yoldaşına əlillik dərəcəsi olduqda və ya təqaüd alacaq yaşa çatdıqda verilir. Təklif edirəm ki, həmin şəxsin təqaüdü illərlə onun əziyyətini çəkmiş həyat yoldaşına verilsin.

– Belə bir təklif  var ki, şəhid və qazi ailələrinin problemlərini həll etmək üçün ayrı bir dövlət qurumu yaradılmalıdır. Bununla razısınızmı?

– Fikrimcə, Müharibə Komitəsi yaradılmalıdır. Onlar problemlərini bir ünvanda bir nəfərlə həll etməlidirlər. Prezidentimizin fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində vahid əlaqələndirmə mərkəzləri yaradılıb. Lakin insan faktoru üzündən nəticə effektiv olmur. Şəhid ailələri və müharibə əlilləri əhalinin həssas təbəqəsi sayılır. Onların problemlərinə münasibətdə son dərəcə həssas davranmaq lazımdır.

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 

Oxşar xəbərlər