“Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz” – Qurban Qurbanov
“Çox keyfiyyətli bir komandaya qarşı oynayacağıq. Bizim üçün çox vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, diqqətli olaq. Azarkeşlərimizi sevindirməyi çox istəyirik”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda sabah “Lion”la (Fransa) keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
– Marko Veşoviç və Mateus Silvanın durumu necədir? Sabah ilk dəqiqələrdən oynaya bilərlər?
– Ümumən pis deyil. Hazırlıqları yaxşı səviyyədədir. Sabah tam qəti qərar verəcəyik ki, əsas heyətdə olacaqlar, yoxsa yox.
– Yəqin ki, “Lion”un heyəti ilə tanışsınız. Klub isə hazırda maddi cəhətdən əziyyət çəkir. Sizcə, bu durumda qələbə qazanmaq şansınız necədir?
– Bəli, oyunlarına da baxmışıq, təhlil etmişik. Sabah komandamızda kimin meydanda olması bizim üçün bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibdə böhran oldu-olmadı biz hazırlaşırıq. Bu söz-söhbətlər şayiədir. İstənilən klubda belə söhbətlər gəzir. Böyük klublar belə durumda 1-2 futbolçunu satmaqla vəziyyətdən çıxır. Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz. Çünki bəzən bu fikirlər hansısa nəticəyə kölgə sala bilər. Bunlar sadəcə söz-söhbətlərdir.
– Rəqibin “Lion” olduğunu nəzərə alsaq, hansısa xüsusi gedişat olacaq? Yoxsa, digər oyunlara necə hazırlaşmısınızsa, bu oyuna da eyni yanaşma olacaq?
– Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həm də oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirmək istəyirik. Amma istənilən rəqibin üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədirsə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər matçda oyunun gedişində 1-2 dəyişiklik olur. “Lion”un üstün keyfiyyətini nəzərə alaraq detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya yox, oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq.