Saxta 600 milyon dollar dövriyyədə: “Yeni, açıq yaşıl əskinaslar…”
Türkiyədə son zamanlar saxta dollarlarla bağlı narahatlıq yaşanır. Bəzi iddialara görə, bazarda 600 milyon dollarlıq saxta 50 və 100 dollarlıq əskinaslar var. Bildirilir ki, bu saxta dollarlar heç bir problem olmadan pul sayan maşınlardan keçir.
Bəs bu hadisələr valyuta ticarətinə necə təsir edir?
Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı terkiyəli ekspert Mehmet Ali Yıldırımtürk açıqlamalar verib.
“10 gün əvvəl yalnız 50 dollarda dələduzluq halları var idisə, indi 100 dollarda da var. Bu problem xüsusilə yaxınlarda zərb edilən açıq yaşıl 100 dollarlıq əskinaslarda yaşanır. Lakin tünd rəngli dollarlar heç bir problem olmadan pul sayan maşınlardan keçir. Mərkəzi Bank saxta pulların aşkarlanması ilə bağlı yoxlama aparır. Valyuta sayan maşınlarda dəmir hissəcikləri var. Bu maşınlar müvafiq olaraq proqramlaşdırılmışdır. Lakin maşınları yeni proqram təminatı ilə yeniləmək lazımdır ki, onlar təkcə dəmir parçaları deyil, həm də klişeləri ayırd edə bilsinlər” – o bildirib.
Yıldırımtürk saxta pulların daha çox bayramqabağı və turizm dövrlərində dövriyyəyə girdiyinə diqqət çəkib, lakin bu məsələnin tezliklə gündəmdən düşəcəyini bildirib.
Saxta dollar qorxusu bazarlara böyük təsir göstərməsə də, bunun xarici valyutaya olan marağa mənfi təsir göstərə biləcəyi bildirilir. Qeyd edilir ki, son vaxtlar valyuta tələbində azalma müşahidə olunur, çünki xarici bazarda dollar bahalaşsa da, daxili bazarda sabit qalmaqda davam edir. Xarici valyutaya sərmayə qoymaq istəyənlərin valyutadəyişmə məntəqələrindən pul almaq əvəzinə banklara üstünlük verməsi vurğulanır. Valyuta məntəqəsindən istifadə etməyin təhlükəsiz olub-olmamasından narahat olanlar üçün banklar daha təhlükəsiz seçim kimi görünür.