• 05 Dekabr 2024 05:43

“Aİ ilə danışıqların başlamasına dair sənədə bu gün imza atmağa hazıram” – Kobaxidze

“Biz nəinki Avropaya inteqrasiya prosesini dayandırmırıq, həm də Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmasını təmin etmək üçün səylərimizi gücləndiririk”.

 

Tacxeber.com “Azadlıq radiosu”nun Gürcüstan xidmətinə istinadla xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

 

“Bütün bunların fonunda Avropa İttifaqının səfirinin radikal müxalifət və ona bağlı QHT və media orqanları tərəfindən həyata keçirilən dezinformasiya kampaniyasında iştirak etməsi utancverici və narahatedicidir”, – Kobaxidze bildirib.
Baş nazir Aİ səfirinə müraciət edərək deyib ki, Gürcüstan hökuməti Aİ ilə danışıqların başlamasına dair sənədə bu gün imza atmağa hazırdır.

 

Noyabrın 29-da Kobaxidzenin Gürcüstanın Avropaya inteqrasiya prosesini 2028-ci ilə qədər dayandırdığını bildirməsindən sonra Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski mətbuata ilk açıqlamasını verib. O, bu qərarı acınacaqlı və ürəkağrıdıcı adlandırıb və bildirib ki, bu, gürcü xalqının əksəriyyətinin qəti şəkildə ifadə olunan istəyinə, eləcə də bütün Gürcüstan hakimiyyətinin mövcud siyasətinə ziddir.

 

Xatırladaq ki, hökumətin bu qərarına görə, artıq iki gündür Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilir. Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyaları təhlükəsizlik qüvvələri zorakılıqla dağıtmağa cəhd edib. Bu da etirazçılarla su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələri arasında toqquşmaya səbəb olub. İki gün ərzində polis təxminən 150 nəfəri saxlayıb.

Tacxeber.com

Oxşar xəbərlər