• 05 Dekabr 2024 06:44

Bakıda xərçəng xəstəliyinə tutulan və istefa verən səfir KİMDİR? – DOSYE

Bakıda xərçəng xəstəliyinə tutulan və bu səbəbdən istefa verən ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby kimdir?

 

Tacxeber.com Musavat.com-a itinadən səfir barədə məlumatları təqdim edir:

Mark W. Libby ABŞ-nin şimal-şərqində yerləşən Yeni İngiltərə regionunda anadan olub. O, Connecticut ştatının Southbury şəhərindəki Pomperaug Liseyini bitirib. Libby Tafts Universitetində bakalavr dərəcəsi alıb və Parisdəki Siyasi Araşdırmalar İnstitutunda (Sciences Po) təhsilini davam etdirib. Daha sonra Milli Hərbi Kollecdə magistr dərəcəsi əldə edib.

 

Ali Xarici İşlər Xidmətinin nazir-müşavir rütbəsinə malik olan Libby, Brüsseldə ABŞ-ın Avropa İttifaqındakı missiyasında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifələrində çalışıb. O, həmçinin Varşava, Nassau, Nikosiya və Bağdadda müxtəlif diplomatik vəzifələrdə xidmət edib. 2021-2023-cü illərdə Milli Hərbi Kollecdə dosent və Dövlət Departamentinin akademik məsləhətçisi kimi fəaliyyət göstərib.

 

2022-ci il mayın 25-də ABŞ Prezidenti Cozef Bayden tərəfindən Mark Libbinin ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülüb və 2023-cü il noyabrın 8-də Senat tərəfindən təsdiqlənib. O, 2024-cü il yanvarın 18-də etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərək vəzifəsinin icrasına başlayıb.

 

Mark Libby ailəlidir və iki övladı var. O, ailəsi ilə birlikdə Azərbaycanın müxtəlif tarixi və mədəni yerlərini ziyarət etməyi sevir. Məsələn, 2024-cü ilin mart ayında səfir Libby ailəsi ilə birlikdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edib. İnternetdə Səfir Mark Libbinin ailəsi ilə birlikdə Beşbarmaq dağına səfəri barədə videolar vardır.

 

Səfir Libby Azərbaycanın zəngin mədəni irsinə və tarixinə böyük maraq göstərir. O, ölkənin müxtəlif bölgələrinə səyahətlər edərək, yerli adət-ənənələrlə tanış olur və Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirir.

 

Təəssüf ki, səfir Mark Libby xərçəng xəstəliyinə tutulmuş və bu səbəbdən vəzifəsindən istefa vermək məcburiyyətində qalıb. Onun diplomatik fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin ən kritik dövrünə təsadüf edib.

Tacxeber.com

Oxşar xəbərlər