• 23 Dekabr 2024 04:05

Hədsiz ağır dərslərlə yüklənən ibtidai siniflər – Ağır fəsadlar və çıxış yolları

Təhsilin giriş qapısı – ibtidai siniflərdəki ağırlıq.

 

İnsan şəxsiyyətinin formalaşmasının böyük hissəsi, onun şüuraltı dünyasının qurulmasının əsas periodu məhz ibtidai təhsildə oxuduqları dövrə (6-10 yaş aralığı) düşür. Şagirdə  ibtidai təhsil mərhələsində sağlam düşüncəni formalaşdırmaq, onu düzgün emal edərək qarşı tərəfə rahatlıqla çatdırmaq, prosesin özünü deyil, səbəbini qiymətləndirməyi öyrətmək və s. kimi vacib mexanizmlər öyrədilməlidir.  İbtidai təhsilin əsas məqsəd və missiyası şəxsiyyətyönümlü təhsilin təməlini hazırlamaq, fərdi lap kiçik yaşlarından etibarən şəxsiyyətə doğru inkişaf etdirmək olmalıdır. Lakin təəssüf ki, çağdaş ibtidai təhsil seqmentimiz bu meyarlara deyil, yaddaşa yönəlik tədris prinsiplərinə xüsusi önəm verməkdədir… Uzun illərdir ki, davam edən və artan xətt üzrə ömür sürən bu prosesin ən mənfi tərəfi isə azyaşlı şagirdlərlə lazımsız yükləmələrə səbəb olmaqdır.

 

Biz ibtidai təhsil seqmentində təəssüf ki, azyaşlılara yuxarıda sadalanan dəyərləri deyil, yüklənmiş yaddaşı “hədiyyə edirik. Şagirdin yaddaşla izafi yüklənməsi onun sabah mütləq uğurlu bir fərd ola biləcəyi anlamına gəlməməlidir. Əksinə, bu proses davamlı təkrarlandıqca şagirdi zehni və psixoloji baxımdan bir az da axsadacaq.

 

Şagird yüklənmələrində əsas səbəblər

 

İbtidai siniflərdə ağır tədris prosesinin əsas iki əsas səbəbi mövcuddur:  ev tapşırıqlarının həcmi  və təqdim olunan mövzuların yaş nisbətinə görə qəlizliyi.

Bu gün ibtidai siniflərdə tədris olunan Azərbaycan dili, Həyat bilgisi kimi fənlər şagirdi yaddaş prizması baxımından həddindən artıq yükləyir. Digər tərəfdən də riyaziyyat, xarici dil fənlərindən kompleks mövzulara sürətli keçid uşaqların zehni yorğunluğuna səbəb olur.

 

Şagirdin yaddaşla yüklənməsi onun sabah mütləq uğurlu bir fərd ola biləcəyi anlamına gəlməməlidir. Əksinə, bu proses davamlı təkrarlandıqca şagirdi zehni və psixoloji baxımdan bir az da axsadacaq.

İbtidai siniflər üçün hazırlanan dərsliklərdə bu iki məsələyə; yaddaşa yönəlik xəttin azaldılmasına və kompleks mövzuların minimallaşdırılmasına ciddi ehtiyac vardır. Mövzuların bütün ibtidai sinif dərsliklərində interraktiv, yarı əyləndirici formada, həmçinin, oyun tipli metodlarla əks edilməsi daha məqsəduyğundur. Əks halda, biz təhsilin onurğa sütunu olan ibtidai tədrisdən  çox da böyük fayda gözləyə bilmərik.

 

Təsəvvür edin, bugün azyaşlı məktəbdə yuxarıda sadalanan iki ağırlıq səbəbinin -kəmiyyət çoxluğu və məzmun ağırlığı-hər ikisi ilə eyni anda yüklənir. Azyaşlının zehin tutumunun hesablanmaması,  verilən materialların ona uyğunluğunun düzgün ölçülməməsi təhsilin bünövrəsini iflic edən amillərdəndir.

Dünyanın bir çox təhsil ölkələrində ilkin təhsil periodunda uşaqlar qətiyyən çox yüklənmir, onlara oyun əsaslı, interraktiv tapşırıqlar daha çox verilir, nəzəriyyə deyil, praktika, həyat bacarıqları üzərindən inkiçaflarına daha çox vaxt ayrılır. Nəzəri biliklərin ağırlıq gətirmədiyi təhsil mühitində uşaqlar qətiyyən sıxılmadan özlərini asanlıqla realizə də edə bilirlər.

 

İbtidai təhsildəki ağır dərs proqramının səbəb olduğu digər neqativ hallar:

 

-Şagirdin tədrislə təmas, hazırlıq saatının xeyli uzadılması- Dərs proqramının ağırlığı azyaşlını həm də lazım olduğundan da çox, normadan xeyli artıq şəkildə tədris prosesi ilə üz-üzə qoyur. Ev tapşırıqlarının həlli, eləcə də günlük dərs limitinin tam çatdırlması üçün əlavə dərs saatlarına xeyli ehtiyac yaranır.

 

Bu, həm müəllim, həm valideyn və ən əsası şagird narahatlığını artıran zəruri səbəbə çevrilir. Fiziki yorğunluq, xroniki halsızlıq, enerji tükənmişliyinə gətirib çıxaran bu detal şagirdin nəinki təhsil, hətta bəzi hallarda həyati göstəricilərinə də ciddi təsir göstərmiş olur;

-Repetitorluğun məcburi formasiyaya keçirilməsi–İbtidai siniflərdə tədris proqramının ağırlığı bu seqmentdə repetitor asılılığını da gücləndirdi. Çünki 6-10 yaş aralığında olan azyaşlıların heç də hamısı  zehni və psixoloji hazırlıqları həm kəmiyyət , həm də ağırlıq göstəricilərinə görə getdikcə artmaqda olan proqramı, tapşırıqları yerinə yetirmək gücündə deyil. Bu, bir tərəfdən ibtidai sinif müəlliminin işini çətinləşdirsə də, digər tərəfdən onun dərsdən kənar repetitorluğuna da şərait yaratmış olur.

 

-Dövri qiymətləndirmələr və imtahan sayının çoxluğu – Dərs proqramının kəmiyyət etibarilə ağırlığı təbii ki, onun dəyərləndirilməsi, yekun qiymətləndirilməsi üçün vacib olan imtahan proseslərinə, xüsusi qiymətləndirmə mexanizminə də təsir göstərir. Çoxsaylı imtahanlar KSQ tipli qiymətləndirmələr azyaşlını yormaqla yanaşı, onu həm də təhsilin əsas mahiyyətindən uzaqlaşdırır. Bu isə birmənalı şəkildə yolverilməzdir.

 

Bütün bunlar da hələ son deyil. Ümumiyyətlə yuxarıda göstərilən səbəblərin yol açdığı acı nəticələr də var ki, onları aşağıdakı şəkildə təsnifatlandırmaq olar:

 

-Zehni yüklənmənin, narahatlıq və izafi öhdəliklərin yaratdığı psixoloji stress və onun sağlamlığa vurduğu zərərlər;

-Şagird, müəllim və valideynlərin bu yüklənmə səbəbindən bərpa məqsədli istirahətə zaman ayıra bilməmələri və bunun da getdikcə onların işlərində, təhsil göstəricilərində əks olunan mənfi təsirləri;

-Müəllimlərin sosiallaşması, ictimai sferada daha da fəal olmalarının qarşısını alması;

-Valideynləri məcburi şəkildə övladlarına lazımından da çox vaxt ayırmağa məcbur etməklə onların digər sferalarda faydalı iş əmsallarına zərbə vurmaları.

 

Bəs, nə etməli? Bir neçə çıxış yolu

 

Yuxarıda da qeyd olunduğu kimi, ibtidai siniflərdə dərs proqramını ağırlaşdıran iki səbəb var: kəmiyyət çoxluğu və məzmun ağırlığı.

Üstəlik, bu iki detalın hər birinin məhz nəzəri, akademik məzmuna yönəlmələri,  sırf yaddaşa bağlı olmaları şagirdlər üçün ağır olduğu qədər də maraqsız və yorucu gəlir. Odur ki, azyaşlıları həm ağır dərs yükündən, həm də cansıxıcı məzmundan, ən əsası, ağır mövzulardan xilas etmək üçün dünya təcrübəsində artıq uzun müddətdir ki, tətbiq olunan metodlardan, rol oyunları, müxtəlif simulyasiyalardan yararlanmaq lazımdır. Məsələn, Riyaziyyat proqramının ibtidailər üçün çətin olduğunu az qala, hər bir valideyn təsdiq edir. Amma ibtidai siniflər üçün olan Riyaziyyat mövzularının demək olar ki, hər birində maraqlı oyun tipli metodlardan yararlanmaq olar. Məsələn, hər bir riyazi dərsdə “Gizli xəzinə” adlı metodddan istifadə etmək olar. Sanki hər həll insanı gizli xəzinəyə doğru aparır… Bu, uşaq psixologiyası üçün daha çatımlı və rahat olacaqdır.

 

Bundan əlavə, Rol oyunlarının kəmiyyət və keyfiyyətini artırmaq, istənilən fənn predmetində onların xidmətlərindən yararlanmaq dərs ağırlığını aradan götürəcək meyar rolunu oynaya bilər.

Vizual və Kinestetik Öyrənmə Vasitələri bu istiqamətdə müəllimlərin əsas yardımçısı ola bilər.

Oyunlardan bir neçə nümunə: “İsti kartof” (tez düşünmə oyunu), “Dörd künc” (situiasiya oyunu), “Vord Raley” (dil öyrənmə bacarıqlarına aid oyun), “Riyaziyyat binqo” ,”Simon deyir” (Riyaziyyat oyunları).

 

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Oxşar xəbərlər