• 23 Dekabr 2024 03:17

Suriyada rejim əleyhdarları Hələbdən sonra Hama şəhərini də ələ keçirdi.

Hama Suriyada “Müsəlman qardaşlar”ın (“İhvan”) əsas mərkəzi sayılır, hələ Hafiz Əsəd dövründə burada rejimə qarşı qanlı üsyanlar olub. Əgər “Heyətü Təhrir əş-Şam” (HTŞ) Hamada möhkəmlənməyə nail olarsa, Bəşər Əsəd hökuməti 9 il sonra yenidən ekzistensial təhlükə ilə üz-üzə qalmış olacaq. Müharibənin ilk illərində (2012, 2013, 2014) silahlı qruplar dəfələrlə cəhd göstərsələr də, strateji əhəmiyyətli bu məntəqəni ələ keçirə bilməmişdilər. 

 

Paytaxta gedən M5 şose yolunun üzərində yerləşən Hama şəhəri Şamın şimalında çox vacib müdafiə xətti rolunu oynayırdı. Buranın itirilməsi Hələb və ətraf ərazilər əldən çıxdıqdan sonra demoralizə olmuş rejim qüvvələrinin logistik imkanlarının daha da məhdudlaşması deməkdir. Pərən-pərən düşmüş və döyüş qabiliyyəti aşağı səviyyədə olan hökumət qüvvələrinin kənardan real dəstək olmadan Şamı uğurla müdafiə etmələri mümkün deyil.

 

Bu hadisələr son illər izolyasiyadan çıxmağa başlayan, Ərəb Dövlətləri Liqası toplantılarına qatılan Bəşər Əsədin beynəlxalq legitimliyinə yenidən ağır zərbə vuracaq. Şamı əlində saxlasa belə, Suriyanın aqibətinin müəyyənləşəcəyi bir mərhələdə onu çətin ki, ciddi tərəf-müqabil kimi qəbul etsinlər.

 

Hamadan sonra hadisələr təkcə Əsəd üçün deyil, Rusiya üçün də təhlükəli ssenari üzrə cərəyan edə bilər, çünki növbədə Homs (Humus) şəhəridir. Xəritəyə baxanda bu vilayətin önəmini görməmək mümkün deyil. Homs Əsədin nəzarətindən çıxarsa, bunun regional geosiyasət baxımından strateji xarakterli nəticələri olacaq. Əvvəla, bu halda dənizə çıxışını itirəcək rejimin taleyi tükdən asılı vəziyyətə düşəcək, Latakiya (Lazkiye) və Tartus kimi həyati vacib regionlarla Şamın quru bağlantısı kəsilmiş olacaq.

Digər yandan, Tartusda Rusiyanın hərbi dəniz bazası, Latakiyada isə aviabazası yerləşir. HTŞ-nin Homsdan sonra Rusiya aviasiyasını qovmaq üçün Hmeymimə yönəlməsi ehtimalı var. Artıq Rusiya Tartus limanından gəmilərini çıxarıb. Bu hərbi bazalar Rusiyanın Orta Şərq, Aralıq dənizi və Şimali Afrikadakı maraqları baxımından çox önəmli dayaq məntəqələridir. Əsəd rejimi çökərsə, Suriyanın gələcəyi ilə bağlı müzakirələrdə Rusiya bu hərbi bazaları əlində saxlamaq üçün ABŞ və regional güclərlə anlaşmağa çalışacaq.

 

Bəs, Suriyadakı mənzərəni kökündən dəyişdirməyə nail olmuş HTŞ-nin arxasında kim dayanır? Açıq müstəvidə heç kim. Bu qruplaşma dünya, o cümlədən Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır. HTŞ vaxtilə “Əl-Kaida”nın Suriya qolu olmuş sələfi-cihadçı “Əl Nüsra Cəbhəsi”nin davamıdır. Ötən müddətdə qruplaşmanın lideri əl-Colani fəal marketinq strategiyası ilə məşğul olub, təşkilatın imicini yaxşılaşdırmağa çalışıb.

HTŞ ingilis dilində yaydığı açıqlamalarda nəzarət etdiyi ərazilərdə bütün etnik-dini qrupların təhlükəsizliyini təmin edəcəyini, hər kəsin, o cümlədən xristianların, kürdlərin haqlarına və inancına hörmətlə yanaşacağını bildirir. Son vaxtlara qədər yalnız İdlib vilayəti bu qruplaşmanın nəzarətində idi. Ankara HTŞ-ni deyil, Suriya Milli Ordusu (keçmiş Azad Suriya Ordusu) qruplarını dəstəkləyir. Amma Türkiyə-Suriya sərhədindəki Cilvəgözü sərhəd-buraxılış məntəqəsi HTŞ-nin nəzarətindədir və ötən müddətdə onların İdlibdə duruş gətirə bilməsində bu amil mühüm rol oynayıb.

 

HTŞ-nin irəliləyişlərinin digər benefisiarları əlbəttə ki, İsrail və ABŞ-dır. İranın regiondakı əsas vəkil gücü “Hizbullah”a, eləcə də HAMAS-a divan tutan İsrail iranlıları Suriyadan tamamilə vurub çıxarmağa və beləliklə, İranın Livanla (“Hizbullah”la) faktiki quru əlaqəsini kəsməyə çalışır.

 

Bu gəlişmələr Suriya kürdləri (Fəratın şərqindəki) üçün də yeni fürsətlər aça bilər. HTŞ-nin YPG-ni hədəf almaması diqqəti cəlb edən məqamlardan biridir. Qarşıdakı mərhələdə Suriyanın taleyi masaya gələndə ölkənin şimalında İraq modeli üzrə kürd muxtar bölgəsinin yaradılması güclü ehtimal kimi görünür.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər