• 23 Dekabr 2024 08:48

Azərbaycanda veqan restoranları NİYƏ AZDIR?

Bu günlərdə ölkəmizdə olan Beynəlxalq Veqan Assosiasiyasının rəsmisi Elena Qramm maraqlı açıqlama verib. O bildirib ki, Azərbaycanda sağlam həyat tərzinin təbliğ edilməsi, insanların daha çox bitki əsaslı qida məhsullarına üstünlük verməsi üçün ölkədə yeni veqan restoranlarının fəaliyyət göstərməsi vacibdir:

“Veqan qidalanma təkcə heyvanların qorunması üçün deyil, həm də insanların sağlamlığı üçün böyük faydalar gətirir. Bu yanaşma ilə Azərbaycanda yeni və maraqlı qida mədəniyyəti yarada bilərik”.

 

Elena Qrammın fikrincə, Azərbaycanda veqan restoranlarının fəaliyyətə başlaması həm turizm sektoruna, həm də sağlam qidalanma mədəniyyətinin yayılmasına mühüm töhfə verəcək.

Bəs Azərbaycanda veqan restoranları niyə azdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki,  ölkəmizdən veqan və vegeteryan qidalanma son dönəmlər dəb halını alıb:

“Bəzi insanlar müəyyən səbəblər üzündən bu qidalanma tərzinə keçiblər. Belə hallar kütləvi olmadığından və tələbat azlığından Azərbaycanda veqan restoranlar yox dərəcəsindədir. Amma paytaxtın mərkəzi hissəsində bir neçə veqan restoran var ki, onlar ancaq veqan qidalar təklif edirlər. Nəzərə alaq ki, dünyada veqan qidalanmaya çox böyük maraq var. Burada qlobal sağlamlıq əsas götürülür.

Eyni zamanda, ətraf mühitə diqqət baxımından da bu məsələ önə çıxır. Ona görə də ekoloji məsələləri prioritet elan edən ölkəmizdə də veqan qidalanmanın təşviqi çox vacibdir.

Düşünürəm ki, veqanların sayı artdıqca müvafiq restoranların da sayı çox alacaq.

Amma bir məsələ var ki, bəzi insanlar heyvan mənşəli qidalardan tamamilə imtina edirsə, bu onların sağlamlığında müəyyən fəsadlara yol aça bilər. Bu da vitamin və mineral balansının pozulmasınaı, zülal çatışmazlığına və digər xəstəliklərə səbəb ola bilər. Ona görə də veqan və vegetaryan qidalananlar balansı təmin edəcək şəkildə qidalanmalıdır. Əks-təqdirdə gələcəkdə orqanizmdə  vitamin çatışmazlığı ilə əlaqəli müəyyən xəstəliklər baş qaldıra bilər”.

Tacxeber.com

Oxşar xəbərlər