• 22 Dekabr 2024 16:26

Əsədi devirən, başına 10 milyon qoyulan Colani kimdir?

Bəşər Əsədi devirən əsas silahlı qruplaşma “Heyət Tahrir əş-Şam” (HTŞ) kimi tanınır. Bu isimdəki Şam paytaxt Dəməşqi qəsd edir və Şamın Qurtuluşu Hərəkatı kimi tərcümə oluna bilər.

 

Bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

 

O bildirib ki, HTŞ-nin lideri, hazırda hamının Əbu Məhəmməd əl-Colani kimi tanıdığı şəxs Əhməd Hüseyn əş-Şəradır:

 

“1982-ci il doğumlu bu şəxs həm də Əbu Məhəmməd əl-Colani kimi tanınır. 2017-ci ildən bu təşkilatın rəhbəridir. İxtisasca ərəb dili müəllimidir. ABŞ İraqa hücum edəndə (2003) oraya gedib, Amerika qoşunlarına qarşı vuruşub. İraq “Əl-Qaidə”sinin lideri olmuş Əbu Musab əz-Zərkavi ilə yaxın olub. Sürətlə irəli gedib. İraq və Şam İslam Dövlətinin keçmiş lideri Əbu Bəkr əl-Bağdadi ilə münasibətləri ziddiyyətli olub. Bir müddət İŞİD-ə qarşı vuruşub.

 

Döyüşlərin birində (2006) ABŞ tərəfindən əsir götürülüb. Ancaq sonra qaça bilib. Yəni “Heyət Tahrir əş-Şam” ideoloji baxımdan Əl-Qaidəyə bağlıdır. Qərb mənbələri yazır ki, 2016-cı ildən o, Əl-Qaidə ilə yollarını ayırıb. Ancaq o, heç vaxt Əl-Qaidə lideri Ayman az-Zəvahiri haqqında tənqidi bir söz deməyib.

 

O, 1 ilə yaxın Nüsrə Cəbhəsinə rəhbərlik edib. ABŞ hələ o vaxtlar Əhməd Hüseyn əş-Şəranın başına rəsmən 10 milyon dollar mükafat təyin edib.

 

Əş-Şəra təkcə Amerika ilə düşmən deyil. O, həm də kürdlərə nifrəti ilə tanınır. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla, 450 kürdü öldürüb.

 

Heç şübhəsiz ki, tezliklə Colani arxasında ABŞ və İsrailin (gizli) durduğu PKK/YPG ilə döyüş meydanında üz-üzə gələcək. Yəni ABŞ-a və PKK/YPG-yə qarşı olan bu adam Türkiyənin təbii müttəfiqidir. Qərb mənbələri də vurğulayır ki, “Heyət Tahrir əş-Şam” Türkiyə və Qətərlə ittifaqdadır”.

 

O xatırladıb ki, 1 iyun 2021-ci ildə “PBS Frontline” televiziyası “Cihadçı” sənədli filmini yayımlayıb:

 

“Filmdə Əhməd Hüseyn əş-Şəra Əl-Qaidə ilə keçmiş əlaqəsi haqqında belə deyib: “Bölgənin tarixini və son 20-30 ildə keçdiklərini nəzərə almaq lazımdır. Söhbət tiranların, dəmir yumruqla idarə edən insanların və onların təhlükəsizlik aparatlarının yönəltdiyi bölgədən gedir. Eyni zamanda, bu bölgə çoxsaylı münaqişələr və müharibələrlə əhatə olunub.

 

Biz bu tarixin bir hissəsini götürüb, filankəs Əl-Qaidəyə qoşulub deyə bilmərik. Əl-Qaidəyə qoşulan minlərlə insan var, amma gəlin soruşaq ki, bu insanların Əl-Qaidəyə qoşulmasının səbəbi nə idi? Sual budur. ABŞ-ın II Dünya müharibəsindən sonra bölgəyə yönəlik siyasəti insanları Əl-Qaidə təşkilatına yönəlməsinə görə məsuliyyət daşıyırmı? Avropanın bölgədə yeritdiyi siyasət Fələstin məsələsinə rəğbət bəsləyən insanların reaksiyalarına və ya sionist rejimin fələstinlilərə münasibətinə görə cavabdehdirmi? İraqda, Əfqanıstanda baş verənlərə dözmək məcburiyyətində qalan məzlum xalqlar məsuldurmu? Əl-Qaidədə olanda da biz xarici hücumlara qarşı idik və xaricdə əməliyyatlar həyata keçirmək bizim düşüncəmizə tamamilə ziddir”.

 

Colani (Əhməd Hüseyn) 2 gün əvvəl CNN-ə müsahibə vermişdi. Demişdi ki, Bəşər Əsəddən sonra “Heyət Tahrir əş-Şam” silahı yerə qoyacaq və mülki həyata qayıdacaq”.

Tacxeber.com

Oxşar xəbərlər