• 22 Dekabr 2024 23:59

Bayramda bölgələrdə QİYMƏTLƏR – ƏN MÜNASİBİ HARADIR?

 

Artıq dekabr ayındayıq və əksəriyyət bayram üçün istirahət planlarını hazırlamağa başlayıb. Vətəndaşlar arasında həm ölkə xaricində, həm də yerli bölgələrdə bayramı qeyd etmək istəyənlər var. Yeni ilin yaddaqalan olmasını istəyən vətəndaşlar, adətən, bölgələrə üz tuturlar.

 

Həm təbiətlə iç-içə olmaq, həm də şəhərdən uzaqlaşaraq ilin son günlərini dincəlməklə keçirmək üçün bir çox seçim mövcuddur.

 

Bəs ən sərfəli istirahət üçün hansı istiqaməti seçmək lazımdır?

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan turizm eksperti Ceyhun Aşurov bir sıra tövsiyələr verib:

 

“Qarşıdan təxminən 1 həftəlik qeyri-iş günü gəlir və insanlar bu istirahət vaxtı öz səyahətlərini planlayırlar. Fürsətdən yararlanan vətəndaşlarımız istər xarici ölkələrdə, istər regionlarda öz istirahətlərini keçirirlər.Azərbaycanda, ölkə daxilində istər yeni il şənliyi, istər qalma yerləri olsun, müxtəlif təkliflər var. Hər il qiymətlər nisbətən artdığı üçün deməzdim ki, keçən ilkinə nisbətən bu il bahalaşma olsun. İstirahət etmək məqsədilə bölgələrə üz tutanlar üçün həm kənd evləri və villalar, həm də oteldə istirahət mərkəzləri kimi seçimlər mövcuddur”.

 

Ekspert günlük və paket halında olan qiymətlərdən söz açıb:

 

“Əlbəttə, paytaxtdan çox da uzaq olmayan, tanıdığımız bölgələr daha prioritetdir. Buraya Qəbələ, Quba-Qusar və Lənkəran zonası daxildir. Bu istiqamətlərdəki qiymətlər də tələblə əlaqədar olaraq artıq formalaşıb. Bayram ərəfəsində həmin yerlərdəki qiymətlərdə bahalaşma müşahidə oluna bilər. Çünki tələbat var.

 

İri istirahət mərkəzlərinin yerləşdiyi zonalarda yeni il şənliyi təklif edən otellərdə paketlərin qiyməti 1000-2000 manat arasında dəyişir. Günlük qiymətlər isə 120 manatdan başlayır və 500 manatadək davam edir. Daha əlverişli qiymətlər üçün sürət qatarı ilə Gəncə və Mingəçevir bölgələrinə də üz tutmaq olar. Bu istiqamətlərdə insanlarımız həm yolun rahat olmasından, qalma yerləri və restoranların əlverişli qiymətlərindən faydalana bilərlər”.

Tacxeber.com

Oxşar xəbərlər