Hitlerin yəhudi əsilli hərbçiləri: milyonlarla qohum ölümü
II dünya müharibəsi dövründə insanlar bütün almanların nasist, bütün nasistlərin isə alman olduğunu düşünüblər. Lakin aparılan araşdırmalar bu fikrin doğru olmadığını ortaya qoyub. Təəccüblü olan odur ki, nasist Almaniyasının ordusunda yəhudi əsilli hərbçilər də döyüşüb. Onların sayı isə minlərlə olub.
Tacxeber.com musavat.com-a istinadən xəbər verir ki, bunu ən yaxşı şəkildə II dünya müharibəsi ilə bağlı çoxlu kitablar yazmış amerikalı tarixçi Brayan Mark Riqq təqdim edib. 10 il araşdırma aparan yazıçı sübut edib ki, alman ordusunda xeyli yəhudi əsilli əsgərlər də olub. Bu, onun ən məşhur “Hitlerin yəhudi əsgərləri” kitabında təqdim olunub.
Mişlinq
Reyxdə “Mişlinq” (metis) termini arilərin qeyri-arilərlə qarışıq nikahlarından doğulan insanları təsvir etmək üçün istifadə olunub. Yəhudi genlərinə malik insanlar açıq təbliğata baxmayaraq nasistlərlə birgə sakit yaşayıblar. Mişlinqlər müntəzəm olaraq vermaxt (nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən ad), lüftvaffe (hərbi hava qüvvələri) və kriqsmarineyə (hərbi-dəniz qüvvələri) çağırılıb. Onlar arasında təkcə əsgərlər yox, həm də ordu generalları olub.
1940-cı ildə hər iki nənəsi və babası yəhudi olan bütün zabitlərə hərbi xidməti tərk etmək əmri verilib. Yalnız babalarından biri yəhudi olanlar orduda sıravi vəzifələrdə qala biliblər. Amma reallıq başqa olub: bu əmr yerinə yetirilməyib. İldə bir dəfə eyni əmr təkrarlansa da, heç bir faydası olmayıb.
Vermaxtda bilavasitə yəhudi əcdadları olan əsgər və zabitlərin sayı 1 200 nəfəri keçib. Bu hərbçilərin 2 300 qohumu – qardaşı uşaqları, bibiləri, əmiləri, babaları, nənələri, anaları və ataları öldürülüb.
1944-cü ilin yanvarında vermaxtın kadrlar şöbəsi yəhudi irqi ilə qarışmış və ya yəhudilərlə evlənmiş 77 yüksək rütbəli zabit və generaldan ibarət gizli siyahı hazırlayıb. 77 nəfərin hamısında alman qanı ilə bağlı Hitlerin şəxsi sertifikatı olub. Siyahıda 23 polkovnik, 5 general-mayor, 8 general-leytenant və iki ordu generalının adı yer alıb.
Hitlerin yəhudi yardımçıları
Brayan Mark Riqqin illərllə apardığı araşdırmalar üzə çıxarıb ki, 3-cü Reyxin üç yüksək rütbəli zabiti yəhudi əsilli alman olub. Məsələn, Hitlərin şəxsən təriflədiyi marşal Erhard Milx I dünya müharibəsi bitdikdən sonra lüftvaffeyə rəhbərlik edib. II dünya müharibəsi illərində marşal bütün alman hərbi təyyarələrinin istehsalına, eləcə də ən yaxşı alman qırıcı pilotlarının hazırlanmasına cavabdeh olub.
1944-cü ildə müttəfiqlərin strateji bombalanmasına qarşı durmağa çalışan Almaniyada tək mühərrikli qırıcıların istehsalı inanılmaz rəqəmə çatıb – 23 805 təyyarə. Halbuki, həmin dövrdə SSRİ-də 16 703 təyyarə olub. O, reaktiv bombardmançı təyyarələrin istehsalını vaxtında təşkil etmədiyinə görə Hitlerin tələbi ilə 21 iyun 1944-cü ildə istefaya getməyə məcbur olub. Tezliklə marşal, ağır avtomobil qəzasına düşüb və üç ay xəstəxanada qalıb. Qəzanın törədildiyi barədə şayiələr olsa da, Milx özü buna inanmayıb.
Tezliklə Hitler yenidən ona bir sıra yaxşı vəzifələr təklif edib, lakin Milx imtina edib. 4 may 1945-ci ildə Baltik dənizi sahilindəki Ziherhaqen qalasında ingilislər tərəfindən həbs edilib. 1947-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Erhard Milxin 1951-ci ildə cəza müddət 15 ilə endirilib və 1954-cü ildə vaxtından əvvəl azad olunub. Daha sonra o, heç bir siyasi və ya hərbi fəaliyyətlə məşğul olmayıb. Keçmiş marşal Almaniyanın Vuppertal şəhərində 80 yaşında vəfat edib.
Anası yəhudi olan digər zabit Valter Hollander Hitlerdən şəxsən təbrik məktubu alıb. Hətta müharibə zamanı polkovnik Hollander “Dəmir Xaç” və nadir nişan olan “Qızıl Alman Xaçı”na layiq görülüb. 1943-cü ildə onun tank əleyhinə briqadası Kursk bölgəsində baş verəm döyüşdə 21 sovet tankını sıradan çıxarıb. Bu şücaətinə görə isə ona “Cəngavər Xaçı” ordeni təqdim edilib.
“Holokost”un cəlladlarından biri
Lakin yəhudi qohumları olan ən qəddar nasist Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi (1939-1942), SS oberqruppenfüreri və polis generalı (1941-ci ildən) Reynhard Heydrix olub. Nasist elitasının ən qorxulu üzvü 1904-cü ildə Leypsiqdə konservatoriya direktorunun ailəsində anadan olub. Heydrixin atası Bruno Heydrixin 1916-cı ildə “Rimann Musiqili Ensiklopediyası”nda əsl soyadı kimi “Zyuss” olaraq göstərilir. Heydrixin yəhudi əcdadlara sahib olması fikrini tarixçilərdən 3-cü Reyxin tarixinə dair bir sıra fundamental əsərlərin müəllifi Yoahim Fest müdafiə edib.