• 22 Dekabr 2024 22:18

“Qarabağ”a sevginin azalmasını istəmirəm” – Qurban Qurbanov

Hər bir uğurdan sonra məsuliyyətim daha da artır, növbəti ilə daha istəkli başlamaq, uğurlu nəticə istəyirəm. Əfsuslar olsun ki, bəzən bizim düşündüyümüz kimi alınmır. Planlaşdırmadığımız epizodlarla üzləşirik. Vacib oyunlarda qırmızı vərəqələr, vacib oyunlardan öncə əsas oyunçuların zədəli olması… Mənim üçün məşq prosesi çox vacibdir. “Qarabağ”a sevginin azalmasını istəmirəm. Azarkeşlər bəzən bizdən daha çox şey gözləyirlər. Amma bəzən bəzi nüanslar buna mane olur. Fikirləşməyin ki, biz tənbəlləşmişik, uğurdan doymuşuq. Hər şeyi gözəl başa düşürük. Mən və klub üçün çətindir”.

 

Tacxeber.com xəbər verir ki, bunu bu gün Azərbaycanda ilin ən yaxşı baş məşqçisi seçilən “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov tədbirdə çıxışı zamanı deyib.

 

“Avropada “Qarabağ”a çox ciddi yanaşırlar. Bizim işimizlə çox maraqlanırlar ki, necə olub klub bu səviyyəyə çatıb. Əvvəl böyük klubların rəhbərliyi bir gün öncə vacib olduğu üçün bizimlə görüşürdülər, bu gün bizimlə hesablaşırlar. Bu klubun rəhbərliyini, işçilərimizi çox ciddi qarşılayırlar. Bakıda və ya səfərdə. Bütün rəqiblər çox ciddi hazırlaşırlar. Böyük klublara qarşı oynayırıq. Bəlkə məğlubiyyətlər bizə təcrübə verir. İş saatımızı daha da artırmaq lazım olduğunu bilirik. Futbolçulara deyirəm sadə oynamalı, epizodlara daha ciddi yanaşmalıyıq. Məğlubiyyətlər bunu göstərdi. Bu il oyunlarımızı analiz edirik. Builki qədər qol epizodu yaratdığımız sezonumuz olmayıb.

 

Futbol çox inkişaf edib. O qədər xırda detallar var, analiz edirik. Geridəyik. Amma buna baxmayaraq, sizləri sevindirməyə çalışırıq. Azərbaycan futbolunu klubsəviyyəsində ən azından bu səviyyədə saxlamağa çalışırıq. İşləyirik. Tək özümüzü yox, sizləri – azarkeşləri düşünürük, xalqımızı düşünürük. Bu ilin sonuna yaxın nəticələrimiz zəif görünə bilər. Amma ili götürsək, 1/8 finala qədər yüksəldik. “Braqa”ya qarşı möhtəşəm oynadıq. Azarkeşlərimiz də Avropa futbolunun təcrübəsini yaşadılar. Bu da təcrübədir.

 

İnanın ki, bunu sevə-sevə edirəm. Sənətimi sevirəm. Çalışırıq ki, inamınızı qoruyub-saxlayaq. Digər məşqçilərə təşəkkür edirəm. “Zirə”ni deyə bilərəm, çox gözəl təcrübə yaşadılar. Rəşad Sadıqov və digər məşqçilər… Digər klublarımızda oyun sayı daha çox oldu. Avrokuboklarda oyun sayı artıb, yaxşıdır. Gələcəyə həmişə pozitiv baxıram. Daha yaxşı nəticələr əldə etməyə çalışacağıq ki, uğurlarımız daha çox olsun” – Qurban Qurbanov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər