• 23 Dekabr 2024 01:02

Azərbaycanda 45, İsveçdə 59 – Qurban Qurbanov dəhşətli faktı açıqladı

 

Dekabrın 14-də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 14-cü dəfə Azərbaycanın “ən yaxşı məşqçi”si mükafatını aldı. Son 15 ildə 14-cü dəfə.

Qurban Qurbanov üçün böyük uğurdur, unikal nailiyyətdir, fantastik nəticədir.

 

Azərbaycan futbolu üçün biabırçılıqdır, rəzalətdir. Bu o deməkdir ki, Azərbaycan futbolu bir şəxsdən və bir komandadan ibarətdir. Bu o deməkdir ki, Qurban Qurbanov yoxdursa, “Qarabağ” da yoxdur, “Qarabağ” yoxdursa, Azərbaycanda futbol da yoxdur.

 

Qurbanov mükafatını aldıqdan sonra çox dəhşətli faktlar açıqladı. Bizi gələcəkdə gözləyən böyük biabırçılığın, rəzalətin anonsunu verdi.

 

Qurbanov dedi ki, Bakıda “Sabah”la keçirdiyimiz qarşılaşmada xalis oyun vaxtı 45 dəqiqə olub. İsveçdə “Elfsborq”la oyunda isə xalis oyun vaxtı 59 dəqiqə sürüb. Böyük fərqdir, çox böyük. Bu, Azərbaycan çempionatı ilə Avropa futbolu arasındakı dərin uçurumun göstəricisidir.

 

Hələ belə dəhşətli fərq “Elfsborq”la oyunda yaranıb, yəqin ki, məsələn, “Tottenhem”lə qarşılaşmada daha böyük olar fərq.

 

Qurban Qurbanov onu da dedi ki, hər il Avropa klubları ilə Azərbaycan komandaları arasındakı peşəkar fərqin artdığını müşahidə edirəm. Dedi ki, sürətlə artır bu fərq.

2-3 ildən sonra belə zəif, rəqabətsiz çempionatda “Qarabağ” kimi komandanı sağ saxlamaq mümkün olmayacaq. Bu çempionatdan çıxıb sürətlə inkişaf edən Avropa klubları ilə mübarizə aparmaq mümkünsüz olacaq.

 

Eşidirsiniz, “Qarabağ”dan Avropa Liqasının qrupundan çıxmağı tələb edən utopiklər, çempionatınızın reallığı budur.

 

Eşidirsiniz, futbol təsərrüfatına rəhbərlik edənlər, eşidirsiniz, daş adamlar, eşidirsiniz, gözünə qədər korrupsiyaya bulaşmış “istedadlı dələduzlar”, bizi böyük fəlakət gözləyir. Qurban Qurbanov xəbərdarlıq etdi.(Natiq Muxtarlı)

Tacxeber.com

Oxşar xəbərlər