Rusiya NATO sərhədinə sirli zeplinlər göndərdi – “Z” hərfi QORXUYA SALDI
Estoniyada Rusiya ilə əlaqədar narahatlıqlar artır.
Tacxeber.com bildirir ki, buna səbəb Moskvanın NATO sərhədinə göndərdiyi sirli zeplinlər olub. Belə ki, bunun yeni bir casusluq əməliyyatı və ya hücum hazırlıqlarının bir hissəsi ola biləcəyi düşünülür. Dünya mediasının məlumatına görə, sözügedən proses iyun ayından başlayıb. NATO ərazisinin ucqarlarında, Estoniyanın üçüncü ən böyük şəhəri Narva yaxınlığında ağ rəngli kosmik gəmiyə bənzər bir təyyarə görünüb. Estoniya səlahiyyətliləri əvvəlcə buna məhəl qoymasalar da, sonradan həyəcan təbili çalınmağa başlanılıb. Buna səbəb isə hazırkı zeplinlərin üzərində Rusiyanın Ukraynanı işğal simvolu olan “Z” hərfidir.
Hadisə Estoniyada qorxu və çaşqınlıq yaratsa da, Şimali Avropa ölkəsinin sərhəd qüvvələrinin baş direktoru Belitsev, “Biz demək olar ki, hər həftə belə şeylər görürük. Rusiya təxribata çəkməyə çalışır. Onlar bizim necə reaksiya verəcəyimizi görmək istəyir” deyib.
Estoniya mediasındakı xəbərlər isə bunun bir növ casusluq əməliyyatı ola biləcəyini göstərir. “Biz hər zaman bu barədə düşünürük. Baş nazirimiz deyib ki, Ukrayna qalib gəlsə, biz təhlükəsizliyə, lakin məğlub olsa, böyük bəlaya düçar olarıq. Bu isə narahatedən vəziyyətdir”, – vətəndaşlardan biri “Telegraph” qəzetinə açıqlamasında deyib.
Məlumata görə, zeplinlərin göründüyü Narva NATO-nun şərq sərhədində yerləşir və daim Rusiya təhdidləri ilə gündəmdədir. Şəhərdə yaşayan 56 min əhalinin təxminən 96 faizi rus dilində danışır, əhalinin 34 faizi isə Rusiya vətəndaşıdır. Britaniya mətbuatının yazdığına əsasən, Kreml mütəmadi olaraq bu bölgəyə müşahidə şarları göndərir.