Fransa səfiri prezidentə, ABŞ səfirliyi AZTV-yə cavab verdi
Dekabrın 19-da Fransanın Bakıdakı səfiri Ann Buayon prezident İlham Əliyevin bir gün öncə Rusiya mediasına müsahibəsində Fransa barədə dediklərinə reaksiya verib. Prezident demişdi ki, “hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”.
Səfir isə X hesabında belə yazıb: “Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?”.
Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X platformasında səfirə cavab verib ki, Fransanın Bakıdakı səfirliyi yalnız həmin ölkəyə səfər üçün viza vermir. O, əksinə, səyahət xəbərdarlığına baxmayaraq, Azərbaycana səyahət üçün Fransa vətəndaşlarının müraciətlərinin artdığını deyib.
Dekabrın 19-da ABŞ səfirliyi də sosial media hesablarında AZTV-nin yayımladığı süjetə münasibət bildirib. “Azərbaycanın “yox” cavabı ABŞ-ni silkələdi: Vaşinqtondan Bakıya qarşı “namərd diplomatiya”” adlı süjetdə iddia edilib ki, ABŞ dövlət katibi Antoni Blinkenin hökuməti haqsız tutulanları azad etməyə çağırışının arxasında Bakının Maltada onun vasitəçiliyi ilə Yerevanla təmasdan imtinası dayanır.