• 19 Dekabr 2024 22:07

Emreli ilə Kloze arasında nə baş verib? – Narazılığın təfərrüatı

Emreli ilə Kloze arasında nə baş verib? - Narazılığın təfərrüatı

 

Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə klubu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze arasında narazılıq yarandığı iddia edilir.

 

 Almaniyanın “Nürnberq” nəşrinin yaydığı məlumatda bildirilir ki, 27 yaşlı hücumçu dekabrın 15-də “Köln”ə qarşı keçirilən 2-ci bundesliqanın 16-cı turunun səfər matçında erkən əvəzlənməsinə (46-cı dəqiqədə) etiraz edib. Həmin oyunda “Köln” 3:1 hesabı ilə qalib gəlib.

Nəşr yazır ki, Emreli emosioal reaksiyasını hətta özünün İnstaqram səhifəsindəki paylaşımında da bildirib. Lakin o, tezliklə həmin paylaşımı silib.

 

Qəzetin yazdığına görə, Emreli “Köln”lə matçda komandasının passiv oyununa görə təqsiri özündə görmür.

Nəşr məsələ ilə əlaqədar Kloze ilə Emreli arasında söhbətin olduğunu da yazıb. Bildirilir ki, 46 yaşlı futbolçusuna qarşı qəzəbi olmadığını söyləyib. “Ona kin saxlamıram. O, məni başa düşdü. Mənə vacibdir ki, futbolçu da fikrini desin” – deyə qəzet Klozenin fikirlərindən sitat gətirib.

 

Həmçinin qeyd olunur ki, Kloze futbolçuları ilə  münaqişədən qaçmaq istəyir.

Məlumata görə, tərəflər arasında söhbətin faydası olub. Emreli “Nürnberq”in dünən səhərki məşqində görünüb və əzmkarlığı ilə seçilib.

“Hətta həmkarı Berkay Yılmazın onun sağ dizinə zərbəsi də Emreliyə mane ola bilməyib. Baxmayaraq ki, ilkin olaraq ən azından onun karyerasını bitirmək qorxusu var idi. Emreli yerə uzanıb ağrıdan qışqırsa da, sonradan məşqə davam edə bildi” – deyə qəzet yazıb.

 

Sonda o da bildirilib ki, Kloze Emrelinin komandası üçün əhəmiyyətini bilir. “Onun fərdi keyfiyyətləri həlledici ola bilər” – yazan qəzetin fikrincə, M.Emreli bu şənbə günü “Ayntraxt Braunşveyq”lə matçda iştirakı istisna deyil.

Xatırladaq ki, M.Emreli son 5 matçda qol vura bilmir. Ümumilikdə isə o, “Nürnberq”in heyətində bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini edib. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər