Rusiyada müsəlmanlarla bağlı fətvaya etirazlar başladı
Xəbər verdiyimiz kimi, Rusiya müsəlmanlarına dördə qədər dini nikah bağlamağa icazə verilib.
Tacxeber.com xəbər verir ki, bu qərarı Rusiya Müsəlmanları Ruhani İdarəsinin (MDM) Üləmalar Şurası qəbul edib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskva müftisi İldar Alyautdinov fətvanın mahiyyətində Rusiya dövləti tərəfindən tanınmayan və hüquqi nəticələrə səbəb olmayan dini nikah dayanır. Alyautdinov bildirib ki, “bir kişinin eyni vaxtda ikinci, üçüncü və hətta dördüncü dini nikah bağlamasına icazə verilməsi bir neçə səbəbdən zəruridir. Məsələn, arvad səhhətinə və ya yaşına görə uşaq dünyaya gətirə bilmirsə, həmçinin ər-arvad cinsi baxımdan uyğun gəlmirsə başqa qadınlarla da nikaha girə bilər. Müfti əlavə edib ki, bütün arvadlar maddi olaraq bərabər şəkildə təmin edilməli, ayrıca mənzilləri olmalı, onunla bərabər vaxt keçirilməlidir: “Bu şərtlər yerinə yetirilməzsə, kişiyə çoxarvadlı nikaha girməyə icazə verilmir”.
Alyautdinova görə, Rusiyada çoxarvadlılığı leqallaşdıran qanun bir sıra ailə və sosial problemləri həll etməyə imkan verəcək. Onun fikrincə, bu fətva demoqrafik vəziyyətə müsbət təsir göstərəcək.
Fətvanın xəbərindən dərhal sonra isə bir çox rusiyalı ekspertlər və ictimai xadimlər bu təşəbbüsün əleyhinə kəskin çıxış ediblər. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov vurğulayıb ki, Ruhani İdarəsinin qərarı əslində bütün ölkə vətəndaşları üçün məcburi olan qanunlara uyğun deyil, “şəriət qanunu ilə yaşanlara və digər Rusiya vətəndaşlarına” bölür.
“Hər şey xəbərdar etdiyimiz kimidir. Biz İslam bankçılığı (şəriət qanunlarına əsasən bank xidmətləri) və eyni dini qanunlara əsasən biznes fəaliyyətini leqallaşdırdıqdan sonra məlum oldu ki, bu, sadəcə başlanğıcdır. Məntiqə görə, bu fətvadan sonra növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi və şəriət məhkəmələrinin tətbiqidir” deyə, Kabanov “Telegram” kanalında yazıb.
“Müsəlman Ruhani İdarəsinin qərarı müsəlmanları qanundan üstün tutur”. İnsan Hüquqları Şurasının üzvü, “Regnum” xəbər agentliyinin baş redaktoru Marina Əhmədova belə deyib. “Ruhani administrasiya yavaş-yavaş qanunların relsindən çıxır və bunu şüurlu şəkildə etdiyi artıq aydındır” deyə, o bildirib.
Dövlət Dumasının Ailənin mühafizəsi və Uşaq Məsələləri Komitəsinin sədri Nina Ostanina da deyib ki, çoxarvadlılıq Konstitusiyanın nikahla bağlı maddələrini pozur: “Əgər bu çoxarvadlılıqdırsa, niyə poliandriya olmasın? Təklif qarşılıqlı olmalıdır. Bizdə də Konstitusiyaya görə qadın və kişi bərabərliyi var. Niyə qadınlara qarşı belə ayrı-seçkilik var? Demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün eyni şey doğrudur – bütün kişilər uşaq sahibi ola bilmir”, Ostanina qeyd edir.
Moskva Vəkillər Kollegiyasının üzvü İqor Baranov da deyib ki, hüquqi nöqteyi-nəzərdən Müsəlmanlar Ruhani İdarəsinin çoxarvadlılığa icazə fətvası açıq şəkildə Rusiya qanunvericiliyinə ziddir. Onun sözlərinə görə, Konstitusiyada, Mülki və Ailə məcəllələrində nikahın kişi ilə qadının birliyi olduğu təsbit edilib. Bu məsələyə müxtəlif rakurslardan baxmaq olar və hər bir halda Müsəlman Ruhani İdarəsinin qərarı Rusiyanın hüquq normalarına ziddir. Baranov qərarın peşəkar vəkilləri şoka saldığını da bildirib. Onlar hesab edirlər ki, bu, Rusiyanın Konstitusiya quruluşunun əsaslarını sarsıtmaq cəhdidir, çünki ailənin tərifi Konstitusiyada yazılıb.