• 24 Dekabr 2024 00:26

Özü isə onun, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir.

Teymur Kərimov

Teymur Kərimov

“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimova 9 il həbs cəzası istənilib. Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Fariz Rzayev ona bu cəzanın verilməsini təklif edib.

 

Prokuror iddia edir ki, bir ildən çoxdur həbsdə olan jurnalist T.Kərimova Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda əmlak tələb etməklə törədildikdə) maddələri ilə verilmiş ittiham məhkəmədə sübuta yetirilib.

Dövlət ittihamçısı, T.Kərimova əlavə cəza kimi, 2 il 6 ay da jurnalist fəaliyyəti ilə məşğul olmağın yasaqlanmasını təklif edib.

 

T.Kərimov məhkəmə önündə reportyor kimi fəaliyyət göstərmiş İstək Totiyeva ilə birlikdə mühakimə olunur. Ancaq ondan fərqli olaraq, İ.Totiyeva həbsdə deyil. Prokuror Totiyevaya münasibətdə daha humanist yanaşılmasını – suçlandığı maddədə nəzərdə tutulmuş cəzanın ən aşağı həddindən də az cəza verilməsini istəyib. Cinayət Məcəlləsinin 182.2.1 maddəsində cəza 5 ildən başlasa da, prokuror İ.Totiyevanın 3 il azadlıqdan məhrum olunmasını təklif edib.

Dekabrın 28-də vəkillər müdafiə çıxışı edəcək, ardından da T.Kərimov və İ.Totiyeva son sözlərini deyəcək və hökm oxunacaq.

 

T.Kərimov məhkəmə araşdırmalarından narazıdır. Ötən məhkəmə iclasında da, dekabrın 23-də prokurorun çıxışından öncə də deyib ki, bu cinayət işi onun jurnalist fəaliyyəti ilə əlaqədar saxta sübutlar əsasında hazırlanıb. O, bir neçə dəfə vəsatət qaldırıb ki, zərərçəkmiş qismində tanınan Fərrux Ələkbərov məhkəməyə çağrılıb dindirilsin, onun telefon anten məlumatları əldə edilərək araşdırma aparılsın.

İttihama əsasən, T.Kərimov İ.Totiyeva vasitəsilə videomaterialın silinməsi üçün F.Ələkbərovdan 10 min manat istəyib və sonda min manat alıb. Ancaq T.Kərimov bunu təkzib edir, şər-böhtan olduğunu bildirir.

 

Xatırlatma

T.Kərimov ötən il dekabrın 11-dən həbsdədir. O, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir. Jurnalist saxlanılarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını, hətta zorlanmaqla hədələndiyini söyləyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.

Son 13 ay ərzində Azərbaycanda 30-dan çox jurnalist və bloqer həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.

Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətlərinə bağlayırlar. Rəsmilərsə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər