• 23 Noyabr 2024 04:01

Şəhidlərin dəfnində dini şüar səsləndirənlər İranın agentləridir – Deputat

Ötən gün şəhidlərimizin dəfn mərasimlərində dini şüarların səsləndirilməsi ciddi etiraz doğurub. Bir sıra sosial şəbəkə istifadəçiləri postlar paylaşaraq, şəhidlərimizin dəfni zamanı sanki naməlum istiqamətdən yönəldilmiş şəxslərin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələrini narahatlıqla qeyd ediblər.

Daxili İşlər Nazirliyi vətəndaşların müraciətinə dərhal reaksiya verərək, dəfn mərasiminlərində dini şüarlar səsləndirənlərlə bağlı araşdırmalara başlayıb.

“Sosial şəbəkələrdəki qeyd olunan müraciətlərin müəlliflərinə vətəndaş mövqeyi sərgilədikləri üçün təşəkkür edir və onların narahatlıqlarını anlayışla qarşılayırıq. Şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları orada baş verənləri müşahidə edirlər. Sadəcə, dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar. Lakin, mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür”, – Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirb.

Dini şüarların səsləndirilməsi kimlərin marağına xidmət edir? 

 Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, din adından istifadə edən şəxslərə qarşı ciddi mübarizə aparılmalı, onların əsl simaları ifşa olunmalıdır:

““Bu, dinimizdi”, “dinə hörmət edək” deməklə onlara meydan sulamağa icazə veririk, nəticədə vəziyyət gəlib bu yerə çıxır. Azərbaycan əsgərinin rolunu, mövqeyini hansısa şəkildə bölücülüklə təqdim edəndə müqavimət göstərilməlidir. Hanı qurumlarımız? Niyə lazımi səviyyədə mübarizə aparmırlar? Kimlərsə pul verir, dini şüar səsləndirənlərə deyir ki, filan şeyi təbliğ edin. Onların dövlət orqanlarının içində də kifayət qədər adamları var. Hər şeyi yıxırlar polisin üstünə, dövlət polisdən ibarət deyil. Müharibə təkcə Qarabağda deyil, həm də Bakıda gedir. Dini şüar səsləndirənlərdən soruşmaq lazımdır ki, şəhidlərimizi kim öldürüb. Onları erməniyə dəstək verən qardaşları öldürüb, yəqin. Yezidə dəstək verərək oğullarımızı öldürüblər, sonra da gəlib nağıl oxuyurlar. Bu İmam Hüseyn sevgisi deyil. Azərbaycanlıların hər birinin qəlbində peyğəmbər sevgisi var”.

F.Mustafa deyib ki, şəhidlərimiz Azərbaycanındır, hansısa dinin yox:

“Şəhid müsəlman, yəhudi və ya digər dinlərin nümayəndələri ola bilər.  Bizim üçün onların hamısı əzizdir, niyə bölək ki? Başqa dindən olanlara görə ağlamayaq? Bəzilərinə tapşırıq verilib ki, bu xətt üzrə gedin. Narkotiki necə yayırlarsa, bunu da elə yayırlar. İnsanların həmrəyliyinə sevindim, jurnalistlərdən tutmuş ictimai xadimlərə qədər əksəriyyəti mövqe bildirdi, qorxmadı. Kim bu şüarları Azərbacanda qışqırırsa, onun İranla əlaqəsi var. Bu xətti kim aparırsa, İranın agenturasından olan adamlardır. Şüarımız “Şəhidlər ölməz, Vətən bölünməz” olmalıdır, başqa heç nə. Dini şüara ehtiyac yoxdur, mollanın Quran oxumağı yetərlidir. Məsuliyyətlə deyirəm, “kasıb balalarını niyə qırdırırsız” deyənlərin əksəriyyəti İran agenturasının adamlarıdır. Vətənin hər yeri səngərdir, namusla və vicdanla Vətəni qorumalıyıq”.

Tacxeber.az

Oxşar xəbərlər