Bakıda bud əməliyyatına girən qadının burnunu kəsdilər
2019-cu ilin 28 fevralında ilk əməliyyatım Elnur Mehrəliyev tərəfindən NB Lazur klinikasında baş tutdu.
Tacxeber.com Bakupost.az-a istinadla xəbər verir ki, bunu keçirdiyi estetik əməliyyat nəticəsində sağlamlığına ziyan dəydiyini iddia edən Aynur Əkbərova jurnalist Qənirə Ataşla canlı yayımda bildirib.
Liposaksiya və budgərmə əməliyyatı olmaq istəyən A.Əkbərova iddia edir ki, həm bədəni deformasiyaya uğrayıb, həm də burnu zədələnib:
“Məni Ramil adlı vasitəçi fevral ayında Elnur Məhrəliyevin yanına apardı. Çəkilişlərə görə budgərmə əməliyyatı və liposaksiya olacağımı bildirdilər. Amma 28 fevral gecəsi əməliyyatdan sonra məni palatadan çıxardılar. Heç bir xəstəlik tarixçəsi təqdim edilmədən, 3 ay boyunca mütəmadi olaraq müalicə aldım. Sonradan öyrəndiyim ki, əməliyyat zamanı yanlış bud içi əməliyyatı olunmuşam. Hətta klinik ölüm keçirmişəm. Kliniki ölüm keçirərkən, Elnur Məhrəliyevin tapşırığı ilə məndən imzalı razılıq sənədi alındı və gecə ilə xəstəxanadan uzaqlaşdırıldım. Səhəri gün bu hadisəni Ramil adlı şəxsə bildirdim. O, mənə müalicəmi evdə davam etdirməyi məsləhət gördü, dərman və digər vasitələri alıb gətirəcəyini dedi. Mən vəziyyətin bu qədər ciddi olduğunu anlamadığım üçün əhəmiyyət vermədim. 3 ay sonra karset çıxarılanda gördüm ki, bədənim tamamilə deformasiyaya uğrayıb”.
Şikayətçi bildirib ki, Ramil adlı dəllal təhsilsiz həkimlərə pasiyent tapan, pasiyentlərlə həkimləri əlaqələndirən vasitəçidir. O, belə şəxslərin reklam edildiyini və pulla müştərilərin cəlb olunduğunu söyləyib.
A.Əkbərova bildirib ki, Elnur Mehrəliyev tərəfindən həyata keçirilən birinci uğursuz əməliyyatla bağlı şikayət etməməsi üçün məsələnin həllini başqa cür təklif ediblər. Belə ki, zərərçəkən E.Mehrəliyevin yaratdığı fəsadları aradan qaldırmaq üçün “Şəfqət” klinikasında Abbas İmanovun yanına gedib:
“Əslində, bu seçimi də mən etməmişdim. Ramin adlı makler aparmışdı. Budgərmə əməliyyatına girdiyim halda, narkozdan ayılanda gördüm ki, əllərim bağlıdır. Həkimlər məni sakitləşdirirdilər: “Əlləriniz bağlıdır, burnunuzda əməliyyat aparılıb”. Burun əməliyyatı? Heç deyən olmadı ki, bu xanımın burnunda problem varmı? Plastik əməliyyata ehtiyac varmı? Sonra Abbas həkimə sual verdim: “Mənim burnumda problem varmı?” O isə irişərək cavab verdi ki, “yox”.
Beləliklə, Elnur Mehrəliyev məni klinik ölümə məruz qoyaraq əməliyyatı yarımçıq saxladı. Daha sonra “Şəfqət” klinikasına, Abbas həkimin yanına apardılar. O da mənim budumu yox, özümdən xəbərsiz burnumu əməliyyat etdi. Bəli, bu hadisə baş verdi. Bunlar hələ budla burnu bir-birindən ayırd edə bilmir”.
Şikayətçinin sözlərinə görə, 2020-ci ildə Abbas həkimin “Şəfqət” klinikasından xaric olunduğu deyilsə də, əslində o, orada işini davam etdirir:
“Təxminən 3 ay əvvəl bir televiziya çəkilişi əsasında biz zəng vurduğumuzda məlum oldu ki, Abbas həkim “Şəfqət” klinikasında əməliyyatlar aparır. Klinikanın baş həkimi Fikrət Baxşəliyev deyir ki, biz o cərrahiyyə otaqlarını icarəyə veririk. Bəli, Abbas kimi budla burnu səhv salan həkimlərə əməliyyat otaqları icarəyə verilir. Əməliyyat otağında baş verənlər klinika rəhbərlərini maraqlandırmır. Mən tələb edirəm ki, Ramil adlı dəllalın qarşısı alınsın. Ramil, Abbas, Elnur tapılsın. Hamısı yerindədir. Çanaqla burnu səhv salan həkimin də adının saxta sertifikatla işləyən həkimlərin cərgəsində qeyd edilməsini çox istəyirəm. Hazırda “Şəfqət” klinikasında Fikrət Baxşəliyevin nəzarətində olan Abbas Tofiq oğlu İmanov kimi həkimlər budla burunun yerini bilmir”.
Qeyd edək ki, pasiyentin ikinci dəfə əməliyyat olunduğu “Şəfqət” klinikası Sumqayıtda yerləşir. Klinikadan bildiriblər ki, cərrah Abbas İmanov başqa klinikada işləyir, nadir halllarda, əməliyyatı olduqda “Şəfqət” klinikasına gəlir. Beləliklə, aydın oldu ki, cərrah orada əməliyyatxananı icarəyə götürüb xəstələri əməliyyat edir. A.İmanovla əlaqə saxlanılsa da, zənglərə cavab verilməyib.