Flora Kərimova Sevinc Heydərovanı Türkiyədə məhkəməyə verdi
“Türkiyə Cümhuriyyətinin Baş Prokurorluğu Xalq artisti Flora Kərimovanın iddiasını icraata qəbul edib. Azərbaycanın canlı əfsanəsi Flora Kərimova, ixtisasca nevroloq olan, lakin plastik-cərrah sertifikatı almış Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini uzun müddətdir davam etdirir. Azərbaycanın məhkəmə sistemində Sevinc Heydərovanın xeyrinə qərar çıxarılsa da, bu qərar bir çox suallar doğurur. Çünki məhkəmə Sevinc Heydərovanın cərrahiyyə sertifikatını necə əldə etdiyini dərindən araşdırmamışdı. Nevroloqun plastik cərrah sertifikatı alması ilə bağlı prosedurda qanunsuzluq şübhələri mövcuddur”.
Bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkədə yazıb. O, Xalq artisti Flora Kərimovanın plastik-cərrah Sevinc Heydərova tərəfindən uğursuz əməliyyat olunmasından yazıb.
O bildirib ki, F.Kərimova məsələ ilə bağlı Türkiyədə məhkəməyə müraciət edib:
“Flora Kərimova həm bir sənətkar, həm də bir həkim olaraq, Sevinc Heydərovanın plastik-cərrah sertifikatını necə əldə etdiyini araşdırmağa başlayanda bu yol Türkiyəyə uzanır. Araşdırmalar zamanı məlum olur ki, Sevinc Heydərovaya Türkiyədə cərrahiyyə kursu keçdiyinə dair sənədlər professor Məhmət Bozkurt tərəfindən təqdim edilib. Məhz bu sənədlər əsasında Sevinc Heydərovanın Azərbaycan Səhiyyə Nazirliyini aldadaraq sertifikat aldığı iddia olunur. Flora Kərimova bu saxtakarlığı üzə çıxarmaq üçün Türkiyədə vəkil tutaraq hüquqi mübarizəyə başlayıb. Artıq Türkiyə məhkəməsi Flora Kərimovanın iddiasını qəbul edib. Türkiyə hüquq sistemi ədaləti ilə tanınır və orada şəxsi əlaqələr və tanışlıqlar hüquqi proseslərə təsir etmir”.
Jurnalist iddia edib ki, S.Heydərova saxta sənəd alıb:
“Xatırlayırsınızsa, professor Məhmət Bozkurt mənə verdiyi açıqlamada sənədlərdəki imzanın ona aid olmadığını və imzanın Sevinc Heydərova tərəfindən saxtalaşdırıldığını bildirmişdi. Bu açıqlamadan sonra Sevinc xanım isə maraqlı bir bəyanat vermişdi. Guya mən Məhmət Bozkurtu qorxutmuşam. Vallah, Amerikadan Türkiyəyə əlimi uzadıb bir professoru qorxutmaq gücündə olduğumu bilsəydim, bəlkə Hollivudda filmlərə də çəkilərdim. Görəsən, Türkiyənin hüquq sisteminə olan inamım niyə bəzilərinə bu qədər qorxulu görünür? Maraqlıdır. Flora Kərimovanın vəkili Elcan Həsənli məsələnin araşdırılması üçün Türkiyədə olub. Onları dinləyək, çünki bu hekayə bitməyib”.