Tbilisi Apelyasiya Məhkəməsi Sadıqovun ekstradisiyasını təsdiqləyib
Bir gün öncə isə AİHM Əfqan Sadıqovun ekstradisiyasına qadağa qoyub.
Yanvarın 15-də Tbilisi Apelyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının rəhbəri Əfqan Sadıqovun şikayətini təmin etməyib. Bu barədə Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.
O bildirib ki, bu, Gürcüstanda həmin iş üzrə qərar verən sonuncu məhkəmə instansiyasıdır. Sadıqovun vəkil Mariam Kvelaşvili “Turan”a deyib ki, müdafiə tərəfi Əfqan Sadıqovun ekstradisiyasının qarşısının alınması üçün hüquqi addımları davam etdirir. Həyat yoldaşının sözlərinə görə, Əfqan 117 gündür ki, aclıq edir və durumu ağırdır.
Gürcüstanda Əfqan Sadıqovun hüquqlarını müdafiə edən Sosial Ədalət Mərkəzindən bildirilib ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalistin Azərbaycana ekstradisiyasına qadağa qoyub.
AİHM qərarı yanvarın 14-də qəbul edib. Qərarda bildirilir ki, qərar müvəqqəti xarakter daşıyır, çünki yerli məhkəmələr səviyyəsində işin baxılması hələ başa çatmayıb.
Əfqan Sadıqov nə vaxt saxlanılıb?
Əfqan Sadıqov təqibdən ehtiyatlanaraq, 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. 2024-cü ilin iyulunda o, Gürcüstandan Türkiyəyə buraxılmayıb, yalnız Azərbaycana qayıda biləcəyi bildirilib. Avqust ayında Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib.
Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Sentyabrın 21-dən o, həbsinə və ona sığınacaq verilməməsinə etiraz əlaməti olaraq aclıq edir.
Oktyabrın 8-də aclıq nəticəsində onun vəziyyəti pisləşib və o, Gürcüstan Penitensiar Xidmətinin Tibb Müəssisəsinə köçürülüb. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib. Noyabrın 28-də Tbilisi şəhər məhkəməsi Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. (Meydan.tv)
Tacxeber.com