İlahiyyatçıdan ABŞ-də baş verən hadisələrə maraqlı reaksiya: İbrət kimi…
Los-Ancelesdə və onun ətrafında meşə yanğınlarının baş verməsi dünyanın diqqət mərkəzindədir. Minlərlə hektar sahənin yanması, evlərin dağılması və sakinlərin təxliyə olunması kimi hadisələr təbiətin gücləri qarşısında insanoğlunun acizliyini bir daha göstərir. Bəzi dini qruplar və şəxslər bu təbii fəlakətləri Allahın lənəti kimi izah edir. Lakin bu iddianı obyektiv şəkildə dəyərləndirmək lazımdır.
İlahiyyatçı Ağa Hacıbəyli məsələni dini aspektdən “Yeni Sabah”a şərh edib:
“Dünyamızda, xüsusilə islam aləmində bu hadisəyə müxtəlif münasibətlər və fikirlər var. Hər kəs hadisəyə öz bilik və iman səviyyəsindən baxar və ona uyğun bir fikir ortaya qoyar. Biz müsəlmanlar yaşadığımız dünya baxımından başımıza gələn bütün bəla və müsibətlərdə, istər yeraltı, istərsə də yerüstü fəlakətlərdə Allahın qüdrətinə istinad edirik. Çünki yer üzündə elə bir ağac yoxdur ki, yarpağı düşəndə onun xəbəri olmasın. Lakin rəbbimizin hər əmri bir hikmətə və qədər elmində bir mənaya bağlıdır. Biz onu tam anlaya və qədər cizgisindəki məsələləri oxuya bilmədiyimiz üçün fərqli nüanslara diqqət yetiririk. Özəlliklə, Los-Ancelesdə baş verən yanğın dünyanın hər yerində yaşayan şəxsləri bir insan olaraq narahat edir.
Bu hadisənin Amerika Birləşmiş Ştatlarında baş verməsi də məsələyə baxışı dəyişir. Dünya dövlətlərinin gücünün çatmadığı bir dövlət öz bağındakı yanğınla bacarmır. Məsələni yenə rəbbimizə yönəldirik ki, dünyaya meydan oxuyan bir ölkə öz içindəki atəşi söndürə biləcək qədər aciz qalır. Orada çox varlı adamlar var və yanğını söndürmək üçün bütün imkanlarını səfərbər ediblər. Lakin heç bir faydası yoxdur”.
İlahiyyatçı qeyd edib ki, hər halda dünyamızda baş verən hər hansı bir hadisə ibrət kimi qəbul olunmalıdır:
“Biz müsəlmanlar heç vaxt şəmatət (birinin başına gələn bəla və müsibətdən düşmənin sevinib kam alması; bədxahlıq) etmirik. Təbii ki, tarixən Allahın lənətinə gəlmiş xalqlara həmişə cəza verilib. Yanğının səbəblərinə gəlincə isə, müxtəlif versiyalar var və araşdırma aparılır. Azərbaycandan həmin yanğına aid fikir bildirmək doğru olmaz.
Atəş Allahın əsgərlərindən biridir. Yeri gələndə rəbbimiz onunla bir qulunu yandırmaya bilir. Necə ki İbrahim kimi bir peyğəmbəri atəşin içində yandırmadı. Atəş cəhənnəm əzabıdır və kafirlər axirətdə onunla cəzalandırılır. Ancaq bəzən görürük ki, dünyada da bir qrup fironluq, qəddarlıq düşüncəsi olan insanlara dərs olsun deyə Allah bir müsibətlə onların ciyərinə od salır. Bu məsələdə bir ayəni xatırlayıb məsələyə bu yöndən baxsaq daha uyğun olar. Rum surəsi 41-ci ayəsi Quranda belə buyurulur: “Quruda və dənizdə insanların öz əlləri ilə qazandıqları üzündən fitnə-fəsad (nizamsızlıq, pozğunluq) baş verir. Allah onlara etdiklərinin bir qismini daddırır ki, bəlkə, (pis əməllərindən) döndülər.”
Bu ayə insanın əməllərinin yer üzündəki təbii və sosial nəticələrinə diqqət çəkir. Yəni, insanların etdikləri yanlış davranışlar, pozğunluqlar və əxlaqi düşkünlüklər təbiətə və cəmiyyətə mənfi təsir göstərir. Allah bu nəticələri göstərməklə insanlara bir növ xəbərdarlıq edir ki, onlar öz əməllərindən çəkinsinlər və doğru yola qayıtsınlar.Bu ayə həm də ekoloji və sosial məsələlərə diqqət çəkərək, insanın məsuliyyətli davranışının vacibliyini vurğulayır.